XeberPlus

Ən son xəbərlər

Cəmiyyət

Valideyn sevgisi nə vaxt uşağın müstəqilliyinə mane olur? – Psixoloqdan AÇIQLAMA

Valideyn olmaq yalnız övladını sevmək, onu qorumaq və bütün ehtiyaclarını qarşılamaqdan ibarət deyil. Eyni zamanda, uşağın öz qərarlarını verə bilən, məsuliyyət daşıyan və həyatın çətinlikləri ilə müstəqil şəkildə mübarizə aparmağı bacaran bir şəxsiyyət kimi yetişməsinə şərait yaratmaq da valideynliyin əsas tərəflərindən biridir. Bəzən valideynlər övladlarına olan sevgilərini və qayğılarını o qədər artırırlar ki, fərqinə varmadan onların şəxsi sərhədlərinə müdaxilə etməyə, əksər qərarları özləri verməyə və uşağın əvəzinə hər şeyi həll etməyə başlayırlar. İlk baxışdan bu davranış övladı qorumaq və onun gələcəyini düşünmək kimi görünsə də, zaman keçdikcə uşağın özünəinamına, sərbəst qərarvermə qabiliyyətinə və sosial münasibətlərinə mənfi təsir göstərə bilər. Xüsusilə, uşağın hər addımına nəzarət edilməsi, səhv etməkdən qorunması və daim valideynin yönləndirməsinə ehtiyac duyması onun müstəqil şəxsiyyət kimi formalaşmasını çətinləşdirə bilər. Halbuki sağlam valideyn-övlad münasibətində sevgi ilə yanaşı, etibar, anlayış və müəyyən sərbəstlik də olmalıdır. Valideynin əsas vəzifəsi övladının həyatını onun əvəzinə yaşamaq deyil, öz yolunu seçə bilməsi üçün ona düzgün istiqamət verməkdir.

Bəs valideynlərin övladına həddindən artıq bağlılığı onun müstəqilliyinə necə təsir edir?

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova XeberPlus.com-a açıqlamasında bildirib ki, valideyn bağlılığı uşaqlarda zamanla öz məsuliyyətlərindən uzaqlaşaraq, komfort zonaya meyillilik yaradır:

“Bəzən bizə müraciət edən insanlar arasında da bu cür hallarla qarşılaşırıq. Məsələn, 40–45 yaşdan yuxarı, özü də ailə başçısı olan şəxs müraciət edərək belə deyir: “Valideynlərim, anam-atam mənə o qədər bağlı olublar ki, həmişə rahat düşünmüşəm ki, mənim üçün hər şeyi onlar edəcəklər”. Bu isə müstəqilliyin formalaşmasına birbaşa təsir göstərməyə başlayır. Çünki insan ilk olaraq düşünür ki, hər işi valideynlərinin köməyi ilə görə bilər. Bu vəziyyətə alışır və zamanla komfort zonasına düşür. Qərar verməkdə çətinlik çəkdiyi zaman alışdığı komfort zonasından çıxmaq onun üçün məsuliyyət daşımaq kimi bir məqama çevrilir. Nəticədə məsuliyyətdən qaçır və düşünür ki, birdən səhv edərəm, yaxud nəyisə itirərəm. Amma eyni zamanda, müəyyən səhvlərin olması insanın yenidən ayağa qalxmasına da kömək edir”.

Mütəxəssis qeyd edib ki, övladına həddindən artıq bağlı olan valideynlər fərqində olmadan onun müstəqil qərarlar verməsinə, sosial münasibətlər qurmasına və gələcəkdə ailəsini idarə etməsinə maneə ola bilərlər:

“İnsanın sosial müstəqilliyi zəifləyir. Sosial müstəqillik zəiflədikdə, təbiidir ki, hətta öz yaşıdları ilə münasibətlərində belə sərbəst şəkildə fikrini ifadə etməkdə çətinlik çəkir. Buna görə də hər bir valideyn mütləq şəkildə anlamalıdır ki, övladını özünə həddindən artıq bağlamaqla onun gələcək həyatını, eləcə də sosial həyatını məhdudlaşdırmış olur. Sosial həyatın bu şəkildə məhdudlaşması gələcəkdə insanda müxtəlif bioloji və psixoloji sindromların yaranmasına səbəb ola bilər. Bunun nəticəsində, məsələn, bəzən bəylərdə “Piter Pen” sindromu, xanımlarda isə ananın idarəetməsi ilə bağlı hallar müşahidə oluna bilər.İnsan ailəsində sözünü keçirə bilmədikdə, hətta övladları belə ona qarşı üstünlük qurmağa başlayır”.

Ekspert vurğulayıb ki, uşağa daim müdaxilə edilməsi onun gələcəkdə fikrini açıq ifadə etməsinə, başqalarına qarşı sərhəd qoymasına və haqsızlıq qarşısında susmamasına səbəb ola bilər:

“Hər bir insan psixoloji sərhədini qorumalıdır. Valideyn uşağı özünə həddindən artıq bağladığı zaman isə uşaq həmin psixoloji sərhədi qoruya bilmir. Gələcəkdə də onun söz haqqını və hüquqlarını müdafiə etməkdə, haqqını tələb etməkdə çətinlikləri yarana bilər. Bəzən görürsünüz ki, arsız insan başqadır, vecsiz insan başqadır. Mütləq şəkildə övlad böyüdərkən bu kimi məqamlara diqqət etmək lazımdır”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *