XeberPlus

Ən son xəbərlər

Manşet

İnsanlardan qaçıb heyvanlara sığınanların görünməyən hekayəsi – Psixoloqdan AÇIQLAMA

Bəzən insan ətrafındakı insanlarla ünsiyyətdən yorulur, münasibətlərdə məyusluq yaşayır və getdikcə özünə qapanmağa başlayır. Belə insanlar üçün heyvanlarla vaxt keçirmək, onlara qayğı göstərmək və sevgisini ifadə etmək daha rahat və səmimi görünə bilər. Çünki heyvanlarla münasibətdə insan bəzən mühakimə olunmaq, anlaşılmamaq, xəyanətə uğramaq və ya qarşılıq gözləmək kimi hisslər yaşamır. Hətta elə insanlar var ki, insanlarla ünsiyyətdən qaçsalar da, heyvanlara qarşı son dərəcə həssas, mərhəmətli və qayğıkeş davranırlar. Onlar üçün bir heyvanın sevgisi, sədaqəti və şərtsiz bağlılığı insan münasibətlərində tapa bilmədikləri mənəvi rahatlığa çevrilir. 

Bəs insanlardan uzaqlaşıb sevgini heyvanlarda axtarmağın psixoloji səbəbi nədir?

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva XeberPlus.com-a açıqlamasında bildirib ki, insanlardan gördüyü münasibətdən yorulan və məyus olan şəxslər özlərini heyvanların yanında daha rahat və güvəndə hiss edirlər:

“Heyvanlara sevgi göstərmək çox vaxt empatinin və şəfqətin ifadəsidir. Amma insanın niyə sosial münasibətlərdən uzaqlaşdığını anlamaq üçün onun emosional vəziyyətinə və yaşadıqlarına diqqət yetirmək lazımdır. Bəzən bu, sadəcə insanın xarakteri, həyat tərzi və şəxsi seçimləri ilə bağlı ola bilər. Yaşadığı həyat təcrübəsində insanlardan aldığı zərbələr, gördüyü yanaşmalar və bu yanaşmalardan qazandığı təcrübələrdən dolayı da baş verə bilər. Lakin bəzi hallarda bu davranışın arxasında emosional yorğunluq, məyusluq, insan münasibətlərində yaşanmış mənfi təcrübələr də dayana bilir”.

Ekspert qeyd edib ki, yaşanan mənfi təcrübələr bəzən insanı ünsiyyətdən uzaqlaşdırır:

“İnsan münasibətləri, sözsüz ki, bəzən mürəkkəb olur. Burada yaşanan anlaşılmazlıqlar, tənqid edilmək, xəyanətlər, rədd edilmək, fikir və düşüncələrin önəmsənilməməsi, əsasən, anlaşılmamaq və davamlı münaqişələrlə qarşılaşmaq da insanların uzaqlaşmasına gətirib çıxara bilər. Belə təcrübələrdən sonra bəzi insanlar özlərini emosional baxımdan qorumaq üçün sosial münasibətlərdən uzaqlaşmağa üstünlük verirlər”.

Mütəxəssis vurğulayıb ki, heyvanlarla münasibət insanda ruhən rahatlıq və şəfqətlilik yaradır:

“Heyvanlarla münasibətlərdə insan özünü daha rahat və təhlükəsiz, emosional baxımdan daha möhkəm bir bağın içində hiss edir. Yəni onlardan bizə zərər gəlməyəcəyini düşünür. Heç bir heyvan insanı sosial statusuna, görünüşünə və maddi imkanlarına görə qiymətləndirmir. Onlarla münasibət sözlərdən çox sevgi, davranış, qayğı və yaxınlıq üzərində qurulur. Bu da insanda qəbul olunmaq, dəyər görmək, bağlılıq, şəfqət və mərhəmət hisslərini gücləndirə bilir. Psixoloji baxımdan heyvanlarla ünsiyyət bəzi insanlarda stressin azalmasına, tənhalıq hissinin nisbətən azalmasına və ümumiyyətlə, emosional rahatlığın artmasına kömək edə bilər.

Xüsusilə də tək yaşayan, çətin dövrlərdən keçən insanlar heyvanlarla birlikdə olduqdan sonra onlara göstərdikləri qayğı və heyvanlardan aldıqları mənəvi güc sayəsində həyatda toparlanmağa və özlərini daha yaxşı hiss etməyə kömək edən dəstək əldə edirlər”.

Həmsöhbətimizin sözlərinə görə, hədsiz özünəqapanmalar yaşayan şəxslər psixoloji dəstək almalıdırlar:

“Əgər insan heyvanlarla münasibətdən zövq alır, eyni zamanda ehtiyac olduqda insanlarla da sağlam ünsiyyət qura bilirsə, bu, özlüyündə narahatlıq doğuran hal deyil. Lakin ünsiyyətcil olan bir insan qəfil hər kəsdən uzaqlaşarsa, gündəlik həyat fəaliyyətinə marağını itirərsə, davamlı kədər və özünəqapanıqlıq yaşayarsa, bu halda artıq diqqət yetirmək lazımdır. Mütləq şəkildə mütəxəssisə, həkimə və ya psixoloqa müraciət etmək vacibdir”.

Nabat Mirzəyeva açıqlayıb ki, sosial ünsiyyətdən təcrid olmuş şəxslərin uzaqlaşma səbəblərini anlamaq daha vacibdir:

“Özünəqapanan insanlara artıq yaşadıqlarını anlamağa çalışmaq, bir növ belə söyləyəcəyim, «Sən insanları sevmirsən» deyərək yanaşmaq əvəzinə, onların nələr yaşadığını anlamağa çalışmaq daha doğrudur. Çünki bəzən insanlar başqalarına nifrət etdiyi, onlara qəzəbli və ya kinli olduğu üçün deyil, münasibətlərdə yenidən incinməkdən ehtiyat etdiyi, qorxduğu üçün və bu ehtiyatın qarşısını almaq məqsədilə də uzaqlaşa bilirlər. Hər sosial uzaqlaşmanın arxasında inciklik və ya travma axtarmaq da doğru deyil. Əsas məsələ burada insanın heyvanları nə qədər sevməsi deyil, insanlardan niyə uzaqlaşması və bu uzaqlaşmanın onun həyatına necə təsir etməsidir. Çünki heyvanlara sevgi insanın şəfqət, mərhəmət və empati qabiliyyətini göstərir”.

Psixoloq əlavə edib ki, insanlardan uzaqlaşmanın səbəbləri araşdırılmalıdır:

“İnsan münasibətlərindən tamamilə təcrid olmaq araşdırılmalı və bunun emosional ehtiyaclara nə dərəcədə təsir göstərdiyinə diqqət yetirmək çox önəmlidir. Biz insanıq, insan sosiallaşdıqca, hədəflərə doğru addımladıqca hər şeyin fərqinə varırıq”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *