XeberPlus

Ən son xəbərlər

Cəmiyyət

Yeni reallıqlar yaradan Zəfər

2020-ci ilin 44 günlük Vətən müharibəsi, Azərbaycan Ordusunun düşmən üzərində qazandığı qələbə sadəcə ölkəmizin və onun vətəndaşlarının deyil, ümumilikdə regionun taleyində mühüm rol oynayan tarixi hadisədir. Cəmi 44 günə yazılan bu şanlı qəhrəmanlıq salnaməsi hər il dövlət səviyyəsində qeyd edilir. Prezident İlham Əliyevin 3 dekabr 2020-ci ildə imzaladığı sərəncamla 8 noyabr Zəfər Günü təsis edilib.

Cənubi Qafqazın geosiyasi mənzərəsində ciddi dəyişikliklər

Vətən müharibəsi Cənubi Qafqazın geosiyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olub. Müharibə nəticəsində regionda qüvvələr nisbəti dəyişib, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə Cənubi Qafqazda tamamilə yeni siyasi, hərbi və iqtisadi münasibətlər sistemi formalaşıb. Bu dəyişikliklər yalnız Azərbaycan və Ermənistan arasındakı münasibətlərə deyil, Türkiyə, Rusiya, İran, Avropa İttifaqı və ABŞ-nin regiondakı maraqlarına da təsir göstərib. İlk növbədə Ermənistanın hərbi-siyasi mövqeləri tamamilə zəifləyib. İndi bu ölkə himayədarlarına arxalanaraq Azərbaycanla diktə dilində danışa, “qalib tərəf” kimi xalqımızın ünvanına hədyanlar səsləndirə bilmir.

Vətən müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazdakı siyasi və təhlükəsizlik mövqelərinin artmasını da müşahidə edə bilərik. 2021-ci il iyunun 15-də Türkiyə ilə Şuşa Bəyannaməsi imzalanıb. 44 günlük müharibə və antiterror əməliyyatından sonra Rusiya rəsmilərinin “Qarabağ kartı” üzərindən Azərbaycana təzyiq və təsir siyasəti, bu münaqişə vasitəsilə Cənubi Qafqaz regionunu nəzarətdə saxlamaq cəhdləri əllərindən çıxıb. İrana gəlincə, 44 günlük müharibədən sonra rəsmi Tehranın Cənubi Qafqaza münasibətində nəqliyyat və sərhəd təhlükəsizliyi məsələləri daha çox ön plana çıxıb. İran Azərbaycanla iqtisadi və siyasi münasibətləri, eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizini inkişaf etdirməyə məcburdur.

Fransa və Avropa İttifaqının dəyişən mövqeyi

Eyni yanaşma Fransanın timsalında Avropa İttifaqına da aiddir. Vətən müharibəsi günlərində Azərbaycan Prezidentinə davamlı telefon zəngləri edən, erməniləri müdafiə məqsədilə döyüşləri saxlamağa və bizə təzyiq göstərməyə çalışan, səsləndirdiyi bəyanatlarda xalqımızı işğalçı kimi qələmə verən, müharibədən sonra isə avropalı keçmiş hərbçiləri “müşahidəçi” adı altında Ermənistanda yerləşdirən Emmanuel Makron, həmçinin digər avropalı dövlət və hökumət başçıları, diplomatları artıq üslublarını dəyişiblər. İndi onlar Azərbaycanla hesablaşır, əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Prezidentinin qəbuluna düşməyə can atırlar. Bunu istər onların Bakıya səfərlərində, istərsə də beynəlxalq tədbirlər zamanı müşahidə etmək olur.

Çinlə strateji tərəfdaşlıq

Ən nəhayət, tarixi qələbədən ötən illər ərzində qalib Azərbaycan dünyanın supergücləri sayılan Çin və ABŞ ilə yüksəksəviyyəli əlaqələr qurmağa nail olub. Prezident İlham Əliyevin 2025-ci ildə Çin Xalq Respublikasına dövlət səfəri Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyması, ikitərəfli əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə əlamətdar olub. Səfər zamanı Çin Azərbaycanın sülh gündəliyinə dəstəyini ifadə edib. Azərbaycan isə “Vahid Çin” siyasətinə sadiqliyini bir daha təsdiqləyib. Tərəflər həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusunun yüksəldilməsini dəstəkləyən mövqelərini ifadə ediblər. Nəticə etibarilə bu səfər Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, iqtisadi, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın Orta Dəhliz və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tranzit və logistika rolunun inkişafı üçün yeni imkanların yaradılması ilə yadda qalıb.

ABŞ ilə qurulan münasibətlər

Dövlət başçısı İlham Əliyevin 2025-ci ilin avqustunda Vaşinqtona səfər etməsi, ABŞ Prezidenti Donald Tramp tərəfindən yüksək səviyyədə qarşılanması, səmimi ab-havada keçirilən görüşlərin, aparılan danışıqların nəticəsi olaraq avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin birgə bəyannamə imzalaması da böyük tarixi nailiyyətdir. Vaşinqton bəyannaməsində regional kommunikasiyaların açılması, Ermənistan ərazisindən Azərbaycanla Naxçıvan arasında əlaqənin təmin edilməsi və TRIPP layihəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Hazırda bu layihənin icrası istiqamətində işlər görülür. Belə bir fonda ABŞ-Azərbaycan iqtisadi-siyasi əlaqələrindəki aktivlik xüsusi diqqət çəkir.

Artan beynəlxalq nüfuzun göstəricisi

Biz buraya Azərbaycanın beynəlxalq təşkilatlarda rolunun artmasını da əlavə edə bilərik. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat sayılan Qoşulmama Hərəkatına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik etməsi, İnkişaf Etməkdə Olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyü, Türk Dövlətləri Təşkilatına təsisçi üzvlüyü və sair beynəlxalq təşkilatlarda iştirakçılıq səviyyəsi qalib xalqımıza, onun dövlətinə və Prezidentinə olan hörmətin, etimadın əyani göstəricisidir.

Beləliklə, gəlinən nəticə odur ki, 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda əvvəlki geosiyasi status-kvonun dəyişməsinə səbəb olub. Azərbaycan həm regionda hərbi-siyasi mövqelərini, həm də dünya miqyasında artan rolunu gücləndirib. İndi qalib xalq və dövlət, güclü lider tərəfindən idarə olunan ölkə kimi bizimlə hesablaşırlar.

Mənbə: “Kaspi” qəzeti

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *