Trampın siyasəti özünə qarşı çevrildi: Respublikaçılar niyə uduzdu? – Tədqiqatçıdan AÇIQLAMA
ABŞ-da aralıq seçkiləri təkcə Konqresdəki yerlərin bölüşdürülməsi deyil, həm də hakimiyyətin fəaliyyətinə verilən siyasi qiymət baxımından mühüm əhəmiyyət daşıyır. Bu seçkilər prezidentin ölkə daxilindəki nüfuzunu, cəmiyyətin mövcud siyasətə münasibətini və qarşıdakı siyasi proseslərin istiqamətini müəyyənləşdirən əsas göstəricilərdən biri hesab olunur. Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının aralıq seçkilərində məğlubiyyətlə üzləşməsi isə ABŞ siyasətində diqqətçəkən hadisələrdən birinə çevrilə bilər. Belə nəticə yalnız seçici dəstəyinin azalması ilə deyil, iqtisadi vəziyyət, sosial narazılıq, administrasiyanın qərarları və siyasi rəqabətin güclənməsi kimi bir sıra amillərin göstəriciai idi.
Bəs Trampın partiyasının aralıq seçkilərində belə məğlub olmasına təsir edən amillər nələrdir?
Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə tədqiqatçı Həşim Səhrablı XeberPlus.com-a açıqlamasında bildirib ki, İranla bağlı planlar ABŞ-ın gözləntilərinin əksinə nəticələnib:

“Məğlubiyyətin səbəbləri ilə bağlı Tramp, JD Vens və digər ABŞ rəsmiləri də artıq öz açıqlamalarını veriblər. İranla bağlı məsələrdə burada rol oynayır. Çünki Tramp administrasiyası və zərbələrin uğurlu olacağına əminliyini ifadə edən müdafiə naziri Pit Heqset açıq şəkildə bildirirdilər ki, İrana zərbə endiriləcək. Bu zərbələr qısa müddətdə həyata keçirilsə, İranın bütün hərbi infrastrukturu dağıdılacaq, rejim devriləcək. İran xalqı da ABŞ-a dəstək verəcək və prosesə ölkə daxilindən də töhfə göstəriləcək. Nəticədə İrana ciddi zərbələr endirildi. Ölkədə böyük dağıntılar qeydə alındı. Eyni zamanda, ali dini lider, generalitetin tanınmış nümayəndələri və əsas hərbi-siyasi simalar zərbələr nəticəsində öldürüldülər. Ancaq bütün bunlara baxmayaraq, rejim süqut etmədi. Bu gün İranı yenə eyni rejim idarə edir. Hətta İranın cavab zərbələri ABŞ-ı, İsraili və onlara dəstək verən digər müttəfiq qüvvələri ciddi hərbi-siyasi çətinliklərlə üz-üzə qoydu. Çünki hadisələrin gedişi ABŞ və İsrailin ilkin hesablamalarından fərqli oldu”.
Ekspert qeyd edib ki, Tramp administrasiyasının xarici siyasətdəki qərarları, İranla müharibənin nəticələri və iqtisadi çətinliklər respublikaçıların seçici dəstəyini itirməsində mühüm rol oynayıb:
“Əməliyyatlar qarşıya qoyulan məqsədlərə tam çatmadı və məsələ Amerika ictimaiyyətini də narahat etməyə başladı. Digər tərəfdən, İranın cavab tədbirlərindən biri Hörmüz boğazını bağlamaq, bununla da qlobal ticarəti ləngitmək və onsuz da Rusiya-Ukrayna müharibəsi fonunda mövcud olan enerji təhlükəsizliyi məsələsini daha da risk altına atmaq idi. Nəticədə ABŞ-da yanacaq qiymətləri bahalaşdı. Bu da iqtisadi baxımdan daha çox xərclə üzləşən amerikalıların Tramp administrasiyasının, dolayısı ilə respublikaçıların siyasətindən narazı qalmasına səbəb oldu. Digər məsələ isə Amerika seçicisi üçün Avropa ilə əlaqələrin hər zaman önəmli olması idi. Tramp administrasiyası Avroatlantik münasibətlərdə fərqli mövqe sərgiləyirdi və nəticədə ABŞ-ın Avropa dövlətləri ilə münasibətləri korlanırdı. Kanada ilə bağlı məsələlər, eləcə də Trampın bir çox hallarda öz adını tarixdə yaşatmaq məqsədilə atdığı addımlar da diqqət çəkirdi. Atlantik okeanının onun adına adlandırılması, Qrenlandiya ilə bağlı iddialar, Meksika və Kanadanın ABŞ-ın ştatlarına çevrilməsi ilə bağlı siyasi gedişlər də buna nümunə idi”.
Politoloq xatırladıb ki, gündəlik tələbat məhsullarının bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi seçicilərin siyasi seçimlərinə də təsirsiz ötüşməyib:
“ABŞ-də yanacaqla bərabər ərzaq məhsullarının bahalaşması və sosial rifah məsələsində yaranan problemlər Amerika seçicisini narahat edirdi. Nəticədə seçici səslərinin respublikaçılardan demokratlara yönəldiyi müşahidə olundu”.
H.Sərablı diqqətə çatdırıb ki, Ukrayna məsələsində sərgilənən mövqe də Tramp administrasiyasına ictimai etimadın azalmasına zəmin yaradıb:
“Ukrayna məsələsi də burada təsirini göstərdi. Çünki Trampın Zelenskiyə qarşı mövqeyi və davamlı olaraq Rusiyanı sanki haqlı tərəf kimi təqdim edən addımlar atması da müəyyən narazılıqlara səbəb olurdu. Əlbəttə, bu, Amerika maraqları baxımından hansısa reallıqdan xəbər verə bilərdi və yaxud da Tramp bunu daha zəruri hesab edirdi. Ancaq Amerika seçicisinin böyük bir qismi üçün Rusiya işğalçı, Ukrayna isə hücuma uğrayan və dağıdılan ölkə idi. Məhz bu amillər də Amerika seçicilərinin Trampa və onun partiyasına deyil, demokratlara səs verməsinə gətirib çıxardı”.








