2027–2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri hazırlanaraq müzakirəyə təqdim olunub.
XeberPlus.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları” ilə bağlı müzakirələr zamanı məlumat verib.
Baş nazir bildirib ki, qarşıdakı ortamüddətli dövr qlobal iqtisadi və geosiyasi proseslər fonunda Azərbaycan qarşısında yeni çağırışlar yaradır. Bu mərhələdə dövlət siyasətinin əsas istiqamətləri nəzərə alınaraq mövcud imkanlardan səmərəli istifadə edilməsi və mümkün risklərə hazırlığın gücləndirilməsi nəzərdə tutulur.
Əli Əsədov qeyd edib ki, maliyyə resurslarının düzgün istiqamətləndirilməsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin həyata keçirilməsi qarşıdakı dövrün əsas prioritetlərindəndir.
Onun sözlərinə görə, yeni strategiya “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı ilə uyğunlaşdırılır.
Bildirilib ki, mövcud proqramların icrası davam edir və yeni strategiya üzərində son tamamlanma işləri aparılır. Sənədin yaxın aylarda təsdiqlənməsi gözlənilir.







