Fransada etiraz aksiyaları zamanı baş verən zorakılıq və qarət hadisələrindən sonra hökumət təhlükəsizlik tədbirlərini sərtləşdirir. Baş nazir Sebastyan Lekorn bəzi ərazilərdə komendant saatının tətbiqi ilə bağlı yerli hakimiyyət orqanlarına göstəriş verib.
XeberPlus.com xəbər verir ki, Parisdə keçirilən böhran iclasından sonra çıxış edən Lekorn asayişin bərpa olunması üçün polis və digər təhlükəsizlik qüvvələrinin sayının artırılacağını açıqlayıb. O, etirazlar zamanı mağazalara və digər obyektlərə ziyan vuran şəxslərin bunun məsuliyyətini daşımalı olduğunu bildirib.
İlkin qərarlardan biri ölkənin Denen şəhərində qəbul edilib. Şəhər meri Ann-Liz Düfur-Tonini oktyabrın 25-dək yerli vaxtla saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq ediləcəyini açıqlayıb. İşləyənlər və təcili işi olan şəxslər bu məhdudiyyətdən azad ediləcəklər.
Etirazlar oktyabrın 17-də həyat bahalılığına və yanacağın yüksək qiymətlərinə qarşı keçirilib. Məlumata görə, aksiyalar zamanı ölkə üzrə təxminən 2 400 nəfər saxlanılıb, polis əməkdaşları, digər təhlükəsizlik qüvvələri və yanğınsöndürənlər də daxil olmaqla, təxminən 1 000 nəfər xəsarət alıb. Həmçinin çoxsaylı mağazaların qarət edildiyi bildirilir.
Fransa hökuməti ictimai asayişi bərpa etmək üçün əlavə tədbirlər görməyə hazırlaşır.










