Braziliyada yaşayan 49 yaşlı inşaat işçisi Edimar Rocha Martins sosial şəbəkədə tanış olduğu qadına qovuşmaq ümidi ilə sahib olduğu hər şeyi sataraq təxminən 2 min kilometr yol qət edib. Lakin görüşmək üçün yola çıxdığı qadının süni intellekt vasitəsilə yaradılmış virtual obraz olduğunu öyrənəndə böyük məyusluq yaşayıb.
XeberPlus.com xəbər verir ki, hadisə Braziliya mətbuatında geniş müzakirələrə səbəb olub. Martins 2020-ci ildə sosial şəbəkədə özünü “Jéssica Oliveira” adı ilə təqdim edən şəxslə tanış olub. Zaman keçdikcə o, həmin şəxslə birlikdə gələcək quracağına inanmağa başlayıb.
Martins oktyabrın 9-da Maranhão ştatının İmperatriz şəhərindən avtobusla yola çıxıb. Bütün əşyalarını sataraq səfərə hazırlaşan işçi oktyabrın 11-də Minas-Jerays ştatının paytaxtı Belo-Orizontiyə çatıb. Lakin ümid etdiyi qadını orada tapa bilməyib.
Qadını tapa bilməyən Martins kömək üçün “Radio Itatiaia” radiostansiyasına müraciət edib. Məhz burada ona sosial şəbəkədə tanıdığı qadının real insan olmadığı, foto və videolarının süni intellekt vasitəsilə hazırlandığı bildirilib. Hadisə ictimailəşdikdən sonra hesabı idarə edən şəxs də bu məlumatı təsdiqləyib. O, virtual obrazdan izləyici cəlb etmək və məhsul satmaq məqsədilə istifadə etdiyini, Martinslə isə heç vaxt birbaşa ünsiyyət qurmadığını açıqlayıb.
Bu hadisə sosial şəbəkələrdə yaradılan virtual obrazlarla real insanlar arasındakı fərqin hər zaman asanlıqla müəyyən edilmədiyini bir daha gündəmə gətirib.








