Uşaq bəzən dostları arasında qəbul olunmaq, kənarda qalmamaq və sevilmək naminə özünü olduğu kimi göstərməkdən çəkinir. Əvvəllər maraqlandığı şeylərdən uzaqlaşır, danışıq tərzini dəyişir, hətta öz düşüncələrini belə gizlətməyə başlayır. Kənardan adi uyğunlaşma kimi görünən bu davranışın arxasında isə rədd edilmək qorxusu, özünə inamsızlıq və başqalarının fikrinə həddindən artıq əhəmiyyət vermək dayana bilər. Belə vəziyyət uzun müddət davam etdikdə uşaq öz istəkləri ilə ətrafının ondan gözlədikləri arasında seçim etməkdə çətinlik çəkə, zamanla kimliyini başqalarının münasibəti üzərindən müəyyənləşdirməyə başlaya bilər.
Bəs uşağın dostları tərəfindən qəbul olunmaq üçün özünü dəyişməsi hansı psixoloji səbəblərlə bağlıdır?
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova XeberPlus.com-a açıqlamasında bildirib ki, uşağın dostlarına uyğunlaşmaq üçün özünü dəyişməsi onun qəbul edilməmək qorxusundan irəli gəlir:

“Uşağın dostları tərəfindən qəbul olunmaq üçün öz xarakterini və davranışlarını dəyişməsi, əslində, uşaqlıq və yeniyetməlik dövründə tez-tez rast gəlinən psixoloji vəziyyətlərdən biridir. Bu davranışın əsas səbəblərindən biri uşağın aid olmaq, sevilmək, qəbul edilmək və sosial çevrədə özünə yer tapmaq ehtiyacıdır. Xüsusilə məktəb yaşlarında və yeniyetməlik dövründə yaşıdların fikri uşaqlar üçün böyük əhəmiyyət daşıyır. Uşaq bəzən dostlarının onu bəyənməsi üçün öz maraqlarından, düşüncələrindən, hətta şəxsi prinsiplərindən belə uzaqlaşa bilər. Məsələn, əslində istəmədiyi bir davranışı dostları etdiyi üçün təkrarlaya, öz fikrini bildirməkdən çəkinə və ya qrupdan kənarda qalmamaq üçün özünü olduğundan fərqli göstərməyə çalışa bilər”.
Mütəxəssis bu kimi halların baş vermə səbəblərini qeyd edib:
“Bu davranışın arxasında bir neçə psixoloji səbəb dayanır. İlk növbədə, özünəinamın zəif olması və özünüqiymətləndirmənin başqalarının münasibətindən asılı olması mühüm rol oynayır. Uşaq özünü olduğu kimi dəyərli hiss etmədikdə, başqalarının onu bəyənməsini öz dəyərinin göstəricisi kimi qəbul edə bilər. Belə olduqda, dostlarının münasibətini itirmək onun üçün ciddi narahatlıq mənbəyinə çevrilir. Digər mühüm səbəb rədd edilmək və tək qalmaq qorxusudur. Uşaq düşünə bilər ki, əgər dostlarının istədiyi kimi davranmasa, onu qrupdan uzaqlaşdıracaqlar və ya onunla ünsiyyət qurmayacaqlar. Bu qorxu bəzən uşağın öz istəklərini ifadə etməsinə, “yox” deməsinə və sərhədlərini qorumasına mane olur. Ailədə uşağın fikirlərinə kifayət qədər yer verilməməsi, daim tənqid olunması və ya sevgini yalnız müəyyən davranışlar göstərdikdə hiss etməsi də bu vəziyyətə təsir edə bilər.
Burada yaşıdların təsirini də nəzərə almaq lazımdır. Uşaq dostlarının davranışlarını mənimsəyərək qrupun bir hissəsi olmağa çalışır. Bu, müəyyən həddə qədər inkişafın təbii bir hissəsidir. Çünki uşaqlar sosial münasibətlər vasitəsilə ünsiyyəti, əməkdaşlığı və davranış qaydalarını öyrənirlər. Lakin uyğunlaşmaqla öz şəxsiyyətindən imtina etmək arasında mühüm fərq var. Əgər uşaq davamlı olaraq qəbul edilmək üçün özünü dəyişməyə məcbur hiss edirsə, gələcəkdə öz ehtiyaclarını və istəklərini müəyyənləşdirməkdə çətinlik çəkə bilər. Başqalarını razı salmağa həddindən artıq meyilli ola, qərar verərkən öz düşüncələrindən çox ətrafındakı insanların fikirlərinə əsaslana bilər. Bu isə zamanla sərhəd qoymaqda çətinlik, tənqidə qarşı həssaslıq, münasibətlərdə asılılıq və özünəinamın zəifləməsi kimi problemlərlə müşayiət oluna bilər”.
Ekspert vurğulayıb ki, uşağın dostlarına uyğunlaşması normaldır, əsas məsələ başqalarının rəğbətini qazanmaq naminə öz istəklərindən imtina etməməsi və özünə olan dəyər hissini qorumasıdır:
” Əgər uşaq özünü tanımağı, sağlam münasibətlər qurmağı, fərqli fikirlərə hörmət etməyi və eyni zamanda öz mövqeyini qorumağı öyrənirsə, sosial mühitə uyğunlaşmaq onun şəxsiyyət inkişafına müsbət təsir göstərə bilər. Əsas məsələ uşağın başqaları ilə münasibət qurarkən özünü itirməməsidir. Bu nöqtədə valideynlərin yanaşması xüsusilə vacibdir. Uşağa yalnız yaxşı davranışlarına və ya uğurlarına görə deyil, olduğu kimi dəyərli olduğunu hiss etdirmək lazımdır. Onun fikirlərini dinləmək, seçimlərinə hörmət etmək və özünü ifadə etməsinə imkan yaratmaq sağlam özünəinamın formalaşmasına kömək edir. Valideyn uşağı dərhal mühakimə etmək əvəzinə, “Sən əslində nə istəyirdin?”, “Bu davranışı özün istədiyin üçün etdin, yoxsa dostlarının reaksiyasından çəkindiyin üçün?” kimi suallarla onun öz hisslərini anlamasına dəstək ola bilər. Uşağa “yox” deməyin, fərqli düşünməyin və hər kəs tərəfindən bəyənilməməyin normal olduğunu öyrətmək də vacibdir. Çünki sağlam özünəinam hər kəsin səni qəbul etməsi ilə deyil, qəbul edilmədiyin vəziyyətlərdə belə öz dəyərini qoruyub saxlaya bilməyinlə bağlıdır”.
Həmsöhbətimizin sözlərinə görə, uşaqda davamlı dəyişik hallar baş verərsə, bu zaman psixoloji dəstək vacibdir:
“Uşaq dostlarının münasibətinə görə davamlı narahatlıq keçirirsə, məktəbə getmək istəmirsə, özünü təcrid edirsə və ya təzyiq altında istəmədiyi davranışları nümayiş etdirirsə, bu əlamətlərə diqqətlə yanaşmaq lazımdır. Belə hallarda məktəb psixoloqu və ya uşaq psixoloqu ilə əməkdaşlıq faydalı ola bilər”.
Psixoloqun fikirincə, uşaq dost qazanmaq üçün özündən imtina etməməli, olduğu kimi qəbul edilməyi öyrənməlidir:
“Uşağın dostları tərəfindən qəbul olunmaq istəyi təbii sosial ehtiyacdır. Bizim məqsədimiz uşağı başqalarının təsirindən tamamilə uzaqlaşdırmaq deyil, ona özünü tanımağı, sağlam münasibətlər qurmağı və öz dəyərlərini qorumağı öyrətməkdir. Uşaq anlamalıdır ki, dost qazanmaq üçün mütləq başqa birinə çevrilmək lazım deyil. Sağlam dostluq insanın özünü gizlətməyə məcbur qaldığı deyil, olduğu kimi qəbul edildiyi münasibətdir”.








