XeberPlus

Ən son xəbərlər

Dünya

OpenAI rəhbərlik otağına gizli dinləmə cihazı yerləşdirməkdə şübhəli bilinən mühəndis saxlanıldı

OpenAI şirkətinin San-Fransiskodakı ofisində rəhbər şəxslərin məxfi görüşlər keçirdiyi otaqda gizli səs yazan cihaz aşkarlanıb. ABŞ Federal Təhqiqat Bürosu (FBI) hadisə ilə bağlı şirkətin mühəndisi Abdulrahman Alfozanı saxlayıb.

XeberPlus.com xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 35 yaşlı mühəndis rəhbər toplantı otağındakı televizorun arxasına yerləşdirilən səs yazma qurğusu ilə bağlı ittiham olunur. Cihazın USB girişinə qoşulduğu və tualet kağızına bükülərək gizlədildiyi bildirilib.

Məlumata görə, cihaz sentyabrın 30-da OpenAI əməkdaşları tərəfindən aşkarlanıb. Şirkət araşdırma zamanı onun təxminən sentyabrın 28-də yerləşdirildiyini və içindəki məlumatların şifrələndiyini müəyyən edib.

İddialara əsasən, həmin otaqda şirkətin yüksək səviyyəli rəhbərləri arasında ictimaiyyətə açıqlanmayan və məxfi hesab edilən müzakirələr aparılırdı. Məhkəmə sənədlərində cihazın üzərində kiçik elektron lövhə və məlumat ötürülməsi üçün antenanın olduğu qeyd edilir.

OpenAI bildirib ki, hadisənin araşdırılması zamanı öz süni intellekt modellərindən də istifadə edib. Şirkətin məlumatına görə, süni intellekt sistemləri cihazın xüsusiyyətlərini və onun yerləşdirilməsi ilə bağlı bəzi detalları müəyyənləşdirməyə kömək edib.

Araşdırma zamanı təhlükəsizlik kameralarının görüntülərində Alfozanın cihaz tapıldıqdan sonra otağa daxil olaraq televizorun arxa hissəsinə baxdığı müəyyən edilib. Şirkət daha sonra həmin əraziyə kamera quraşdıraraq əlavə görüntülər əldə edib.

İstintaq materiallarına görə, mühəndis bundan əvvəl şirkətin daxili alətlərindən istifadə edərək bina ünvanları, görüş otaqları, rəhbərlik toplantılarının keçirildiyi yerlər və təqvim məlumatları barədə sorğular verib.

Abdulrahman Alfozan 9 oktyabrda FBI tərəfindən saxlanılıb və daha sonra OpenAI tərəfindən işdən çıxarılıb. Ona şifahi danışıqları elektron cihaz vasitəsilə izləmək və ya buna cəhd göstərmək ittihamı irəli sürülüb. İttiham təsdiqlənərsə, onu 5 ilədək həbs və 250 min dollara qədər cərimə gözləyə bilər.

OpenAI isə açıqlamasında əməkdaşın şirkətin mənbə kodlarına, model çəkilərinə və ya müştəri məlumatlarına icazəsiz giriş əldə etdiyinə dair hər hansı sübut olmadığını bildirib. FBI araşdırmasının davam etdiyi qeyd olunur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *