Yer kürəsindən təxminən 63 işıq ili uzaqlıqda yerləşən Beta Pictoris b adlı ekzoplanetdən qeydə alınan radio siqnalları kosmosda həyat axtarışı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Lakin alimlər bu siqnalların yadplanetlilər tərəfindən göndərilmiş mesaj olması ilə bağlı heç bir elmi sübutun olmadığını bildiriblər.
XeberPlus.com xəbər verir ki, İstanbul Universitetinin Astronomiya və Kosmos Elmləri Bölməsinin müəllimi, astrofizik dosent Hasan Hüseyn Esenoğlu siqnalların daha çox planetin güclü maqnit sahəsi ilə əlaqəli təbii proseslər nəticəsində yarana biləcəyini açıqlayıb.
Beta Pictoris b planeti Cənub Afrika Respublikasında yerləşən MeerKAT radio teleskop sistemi vasitəsilə müşahidə edilib. Araşdırma zamanı planetin yerləşdiyi istiqamətdən sürətli, təkrarlanan və dairəvi qütbləşmiş radio partlayışları, həmçinin davamlı radio yayımı qeydə alınıb.
Mütəxəssislərin bildirdiyinə görə, siqnallar təxminən 0,85–3,5 giqahers tezlik aralığında müşahidə olunub. Bu tip radio yayımlarının yüksək enerjili elektronların planetin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranan siklotron maser mexanizmi ilə bağlı ola biləcəyi ehtimal edilir.
Esenoğlu bildirib ki, radio siqnalının mövcudluğu avtomatik olaraq radio mesajı anlamına gəlmir. Onun sözlərinə görə, Günəş sistemində də Yupiter kimi güclü maqnit sahəsinə malik planetlər təbii radio dalğaları yaradır və Beta Pictoris b-dən gələn siqnallar da oxşar proseslərin nəticəsi ola bilər.
Araşdırma təsdiqlənərsə, bu hadisə başqa bir ekzoplanetin auroral radio yayımının birbaşa müşahidə edildiyi ilk nümunələrdən biri ola bilər. Alimlər bu cür müşahidələrin uzaq planetlərin maqnit sahələrini, atmosferlərini və daxili quruluşlarını öyrənmək üçün mühüm imkan yaratdığını qeyd edirlər.
Mütəxəssislərin fikrincə, Beta Pictoris b gənc ulduz sistemində yerləşən və Yupiterdən bir neçə dəfə böyük olan qaz nəhəngidir. Buna görə də planet həyat axtarışlarında əsas namizədlər sırasında olmasa da, onun maqnit xüsusiyyətlərinin öyrənilməsi planetlərin inkişaf proseslərini anlamağa kömək edə bilər.
Alimlər vurğulayırlar ki, bu günə qədər Yer kürəsindən kənarda həyatın mövcudluğunu təsdiqləyən heç bir elmi sübut əldə edilməyib. Son illərdə minlərlə ekzoplanetin kəşfi kainatda planetlərin geniş yayıldığını göstərsə də, onların hər hansı birində həyatın olub-olmaması hələ də açıq sual olaraq qalır.
Esenoğlu qeyd edib ki, Beta Pictoris b-dən gələn siqnallar yadplanetli mesajı deyil. Lakin bu müşahidələr başqa planetlərin “maqnit dünyasını dinləmək” və onların xüsusiyyətlərini daha dərindən araşdırmaq baxımından mühüm elmi addım hesab olunur.








