Ukrayna ordusu Donetsk bölgəsində həyata keçirdiyi “Vivaldi əməliyyatının” üçüncü mərhələsində 250-dən çox rus əsgərinin əsir götürüldüyünü və 51 kvadrat kilometr ərazidə nəzarəti bərpa etdiyini açıqlayıb.
XeberPlus.com xəbər verir ki, Ukrayna 3-cü Ordu Korpusu Lyman istiqamətində keçirilən əməliyyat zamanı bir sıra yaşayış məntəqələrinin nəzarətə götürüldüyünü bildirib. Tərəfin açıqlamasına görə, əməliyyatın başlanğıcından bəri geri qaytarılan ərazinin ümumi sahəsi 176 kvadrat kilometrə çatıb.
Ukrayna tərəfinin yaydığı görüntülərdə çox sayda rus hərbçinin əsir götürüldüyü göstərilib. Bildirilib ki, təslim olanlar arasında zabitlər, pilotsuz uçuş aparatları və artilleriya bölmələrində xidmət edən hərbçilər də olub.
Ukrayna 3-cü Ordu Korpusunun komandanı Andriy Biletski bildirib ki, əməliyyat zamanı Nove, Ridkodub və Katerynivka yaşayış məntəqələrində nəzarət təmin edilib. Həmçinin Karpivka və Novomykhailivkada tam nəzarətin bərpa olunduğu iddia edilib.
Biletskinin sözlərinə görə, Rusiya qüvvələrini çaşdırmaq üçün fərqli hücum planından istifadə olunub. Onun iddiasına görə, rus hərbçiləri əsas hücumun başqa istiqamətdən gələcəyini düşündüyü üçün əsas qüvvələrini həmin əraziyə yönəldib.
Əməliyyat zamanı maraqlı taktikalardan birinin də istifadə edildiyi bildirilib. Ukrayna qüvvələrinin sovet istehsalı BTR-60 zirehli texnikalarını uzaqdan idarə olunan partlayıcı qurğulara çevirdiyi və bunlardan Rusiya mövqelərinə qarşı istifadə etdiyi qeyd olunub.
Ukrayna 3-cü Ordu Korpusu “Vivaldi əməliyyatının” ilk üç mərhələsində Rusiya qüvvələrinin ölən və yaralananlarla birlikdə ümumi itkisinin 5 mindən çox olduğunu iddia edib.
Lakin açıqlanan itki, əsir sayı və ərazi məlumatları Ukrayna tərəfinin verdiyi məlumatlara əsaslanır. Müharibə şəraitində bu rəqəmlərin hamısı müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.








