Tesla şirkəti insansı robot modeli Optimusun istehsal gücünü artırmağa başlayıb. Şirkətin robot istehsalında yeni mərhələyə keçdiyi və həftədə yüzlərlə robot hazırlaya bildiyi bildirilir.
XeberPlus.com xəbər verir ki, The Information nəşrinin məlumatına görə, Tesla ilin sonuna qədər həftədə 1000-dən çox robot istehsal edə biləcək avtomatlaşdırılmış istehsal xətti qurmağı planlaşdırır.
Şirkətin uzunmüddətli hədəfinin isə Optimus robotlarının istehsalını həftədə təxminən 20 min ədədə çatdırmaq olduğu qeyd olunur.
Tesla tərəfindən hazırlanmış Optimus robotları artıq şirkətin bəzi zavodlarında sınaq məqsədilə istifadə edilir. Robotlar müxtəlif tapşırıqları yerinə yetirir və yeni bacarıqlar qazanmaq üçün davamlı şəkildə inkişaf etdirilir.
Şirkət gələcəkdə Optimus robotlarını kommersiya məqsədilə satışa çıxarmağı planlaşdırır. Məlumata görə, bu istiqamətdə ilk böyük addımların 2027-ci ildə atılması gözlənilir.
Tesla hesab edir ki, insansı robotlar gələcəkdə istehsal, logistika və digər sahələrdə mühüm rol oynaya bilər.







