Elm dünyasında uzun illər qəbul edilən beyin inkişafı nəzəriyyəsi ilə bağlı yeni araşdırma mühüm dəyişiklik ortaya qoyub. Alimlər insan beyninin tək bir hüceyrə qrupundan deyil, təkamül prosesində birləşən iki fərqli kök hüceyrə xəttindən formalaşdığını müəyyən ediblər.
XeberPlus.com xəbər verir ki, ABŞ-ın Stanford Universitetinin alimləri tərəfindən aparılan araşdırma beynin inkişafı ilə bağlı uzun müddətdir mövcud olan fikirlərə yeni baxış gətirib.
“Nature Neuroscience” jurnalında yayımlanan tədqiqata əsasən, beynin əsas funksiyaları idarə edən arxa hissəsi ilə düşüncə, yaradıcılıq və mürəkkəb davranışlarla əlaqəli ön hissəsi fərqli embrional hüceyrələrdən inkişaf edir.
Alimlərin fikrincə, əvvəllər beynin bütün hissələrinin eyni başlanğıc hüceyrədən yarandığı düşünülürdü. Yeni araşdırmalar isə beynin inkişafında iki ayrı hüceyrə qrupunun iştirak etdiyini göstərib.
Tədqiqatçılar siçan embrionları üzərində apardıqları araşdırmalar zamanı iki müstəqil hüceyrə quruluşu aşkar ediblər. Bu hüceyrə qrupları fərqli genlər tərəfindən idarə olunur və onların genetik quruluşlarında müəyyən fərqlər mövcuddur.
Alimlər bildirirlər ki, bu kəşf əvvəllər bəzi beyin hüceyrələrinin laboratoriyada yaradılmasında yaranan çətinlikləri də izah edə bilər.
Araşdırmanın ən mühüm istiqamətlərindən biri sinir sistemi xəstəliklərinin müalicəsi ilə bağlıdır.
Beynin arxa hissəsində yerləşən bəzi motor neyronların zədələnməsi SMA və ALS kimi ağır xəstəliklərə səbəb ola bilər.
Stanford alimləri düzgün hüceyrə xəttindən istifadə etməklə laboratoriya şəraitində udma, danışıq və üz əzələlərinin hərəkətini idarə edən bəzi sinir hüceyrələrini yaratmağa nail olublar.
Mütəxəssislər hesab edirlər ki, bu yanaşma gələcəkdə bərpaedici hüceyrə müalicələri üçün yeni imkanlar yarada bilər.
Araşdırmaçılar beynin iki hissəli inkişafının izlərini daha qədim canlılarda da araşdırıblar. Onların fikrincə, bu fərqlənmənin kökləri yüz milyonlarla il əvvələ gedib çıxır.
Alimlər hesab edirlər ki, təkamül prosesində əvvəllər ayrı fəaliyyət göstərən iki sinir sistemi birləşərək bugünkü mürəkkəb beyin quruluşunun yaranmasına səbəb olub.
Yeni kəşf insan beyninin necə formalaşdığına dair elmi təsəvvürləri dəyişdirir və gələcəkdə nevroloji xəstəliklərin müalicəsində yeni istiqamətlər aça bilər.







