Avropanın mərkəzində yerləşən Belçika kiçik ərazisinə baxmayaraq, zəngin tarixi, möhtəşəm memarlığı, dadlı mətbəxi və çoxmədəniyyətli atmosferi ilə dünyanın ən maraqlı ölkələrindən biridir.
Belçika rəsmi olaraq Belçika Krallığı adlanır və Qərbi Avropada yerləşir. Ölkə Fransa, Almaniya, Lüksemburq və Niderlandla həmsərhəddir. Paytaxtı Brüssel həm ölkənin siyasi mərkəzi, həm də Avropa İttifaqının əsas qurumlarının yerləşdiyi şəhərlərdən biridir.
Belçikanın şəhərləri sanki açıq hava muzeyini xatırladır. Orta əsrlərdən qalan dar küçələr, qədim qalalar və möhtəşəm meydanlar ölkəyə xüsusi gözəllik verir.
Brüsseldə yerləşən Grand Place dünyanın ən gözəl şəhər meydanlarından biri hesab olunur. Qotik üslublu binaları ilə məşhur olan Brügge şəhəri isə kanalları, daş küçələri və tarixi görünüşünə görə “Şimalın Venesiyası” adlandırılır.
Belçika dünyada ən məşhur şokolad istehsalçılarından biri kimi tanınır. Belçika şokoladı xüsusi hazırlanma üsulu və keyfiyyəti ilə milyonlarla insanın sevimlisidir.
Ölkənin digər məşhur dadları arasında Belçika vaflisi,müxtəlif pendir növləri,məşhur kartof qızartması və yüzlərlə növ pivə yer alır.
Belçika rəssamlıq tarixində də böyük iz buraxıb. Dünya şöhrətli rəssamlar, xüsusilə flamand sənət məktəbinin nümayəndələri bu ölkənin mədəni irsini zənginləşdiriblər.
Komikslər də Belçikada xüsusi yer tutur. Dünyaca məşhur “Tintin” obrazı məhz burada yaradılıb.
Belçika yalnız şəhərləri ilə deyil, təbiəti ilə də heyran edir. Ölkənin cənubunda yerləşən Arden meşələri yaşıl mənzərələri, çayları və sakitliyi ilə seçilir. Burada təbiət gəzintiləri, velosiped turları və istirahət üçün gözəl imkanlar var.







