XeberPlus

Ən son xəbərlər

Dünya

İrandan ABŞ-a böyük zərər

İranın ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqelərinə qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarının nəticələrini göstərən yeni görüntülər ortaya çıxıb. Yayımlanan kadrlarda Səudiyyə Ərəbistanı və Küveytdə yerləşən ABŞ hərbi bazalarında ciddi dağıntıların olduğu görünür.

CBS News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ-a məxsus bəzi hərbi obyektlərdə binalar, nəqliyyat vasitələri və hava texnikaları zərər görüb. Fotoların bölgədə xidmət edən ABŞ hərbçiləri tərəfindən, hərbi qurumlardakı media məhdudiyyətləri səbəbindən anonim şəkildə mediaya göndərildiyi bildirilib.

Ən diqqətçəkən görüntülərdən biri Səudiyyə Ərəbistanında yerləşən Prince Sultan Hava Bazası ilə bağlıdır. Görüntülərdə Boeing E-3 Sentry tipli erkən xəbərdarlıq təyyarəsinin arxa hissəsinin birbaşa zərbə aldığı, quyruq hissəsinin gövdədən ayrıldığı və təyyarənin ciddi zərər gördüyü qeyd olunur.

E-3 Sentry təyyarələri hava məkanının izlənməsi, hədəflərin müəyyənləşdirilməsi və hərbi əməliyyatların koordinasiyası üçün istifadə edilən mühüm sistemlərdən biridir.

Bazadan yayılan digər görüntülərdə bəzi binaların və kazarmaların daxili hissələrinin yandığı, bəzi tikililərin isə yalnız xarici hissələrinin qaldığı görünür. Həmçinin əvvəllər raket və minaatan hücumlarına qarşı istifadə edilən beton qoruyucu maneələrin bu tip hücumlara qarşı kifayət qədər təsirli olmadığı bildirilib.

Oxşar görüntülərin Küveytdə yerləşən Camp Buehring və Camp Arifjan bazalarından da yayıldığı qeyd edilir. Kadrlarda yanmış nəqliyyat vasitələri, zədələnmiş strukturlar və istifadəyə yararsız vəziyyətə düşən hərbi obyektlər görünür.

ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttişliyinin Konqresə təqdim etdiyi hesabatda əməliyyatlar zamanı hərbi texnika itkilərinin 3,7 milyard dollara qədər çata biləcəyi bildirilib. Hesabatda təxminən 60 hava vasitəsinin itirildiyi və ya zərər gördüyü qeyd olunub.

Məlumata görə, İran hücumlarının Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq, Oman və İordaniyada yerləşən ABŞ obyektlərini hədəf aldığı bildirilib.

ABŞ tərəfinin hücumların nəticələri və bazalarda yaranan zərərlə bağlı əlavə açıqlamalar verəcəyi gözlənilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *