Almaniyada logistika sahəsində yeni mərhələ başlayıb. İsveçin Einride şirkəti və supermarket nəhəngi Lidl ölkədə ilk dəfə tam avtonom, sürücüsüz yük maşını ilə məhsul daşınmasına başlayıb.
4-cü səviyyə avtonom idarəetmə texnologiyasına sahib olan yük maşını Lidl-in paylama mərkəzi ilə mağazalar arasında hərəkət edir. Maraqlısı isə odur ki, nəqliyyat vasitəsində nə sürücü, nə də təhlükəsizlik operatoru yerləşdirilib.
Layihəyə Almaniyanın Federal Motorlu Nəqliyyat İdarəsi (KBA) tərəfindən xüsusi icazə verilib. Şirkətlər bunun Almaniyada real yol şəraitində istifadə üçün verilən ilk belə icazə olduğunu açıqlayıb.
Ənənəvi yük maşınlarından fərqli olaraq, Einride tərəfindən hazırlanan nəqliyyat vasitəsində sürücü kabini yoxdur. Sistem kameralar, sensorlar və süni intellekt vasitəsilə marşrutu özü idarə edir.
Şirkətlər gələcəkdə bu texnologiyanı daha geniş logistika şəbəkəsinə tətbiq etməyi planlaşdırır. Layihənin əsas məqsədlərindən biri yükdaşıma sektorunda yaranan sürücü çatışmazlığını azaltmaq və təchizat zəncirini daha səmərəli etməkdir.









