İqlim dəyişikliyi ilə bağlı yeni araşdırma gələcək üçün narahatedici mənzərə ortaya qoyub. Alimlərin hesablamalarına görə, XXI əsrin sonuna qədər Yer kürəsinin quru sahələrinin 40 faizindən çoxu quraqlıq təhlükəsi ilə üzləşə bilər.
Çin Meşəçilik Akademiyasının alimlərinin apardığı araşdırmada müasir iqlim modellərindən istifadə edilərək quraq ərazilərin gələcəkdə necə dəyişəcəyi araşdırılıb.
Hazırda Antarktida istisna olmaqla, dünya quru sahələrinin təxminən 38,58 faizi quraq ərazilərdən ibarətdir. Proqnozlara görə, 2071-2100-cü illər arasında bu göstərici 39,31-40,28 faizə qədər yüksələ bilər.
Bu isə təxminən 2,37 milyon kvadratkilometr yeni ərazinin quraqlığa məruz qalması deməkdir.
Alimlər bildirirlər ki, atmosferdəki karbon qazının (CO₂) artması bitkilərin daha az su itirməsinə səbəb olduğu üçün quraqlaşmanın sürətini müəyyən qədər azaldır. Lakin bu təsir iqlim dəyişikliklərinin yaratdığı riskləri tam aradan qaldırmır.
Ən böyük dəyişikliklərin Avstraliya, Braziliya və Afrikanın bəzi bölgələrində baş verəcəyi gözlənilir. Xüsusilə həddindən artıq quraq ərazilərin sayının artacağı proqnozlaşdırılır.
Ekspertlər xəbərdarlıq edir ki, quraqlığın genişlənməsi təkcə təbiətə deyil, həm də kənd təsərrüfatına, su ehtiyatlarına və qida təhlükəsizliyinə ciddi təsir göstərə bilər.







