İlk dəfə xaricə səyahət etmək həm maraqlı, həm də bir qədər həyəcanlıdır. Ona görə ilk səfər üçün çox mürəkkəb variantlar deyil, nəqliyyat və turizm infrastrukturu yaxşı inkişaf etmiş, gəzməli yerləri bir şəhərdə və ya yaxın məsafədə toplana bilən ölkələrdən başlamaq daha rahatdır.
XeberPlus.com xəbər verir ki, Gürcüstan ilk səfər üçün ən praktik seçimlərdən biridir. Bakıdan Tbilisiyə birbaşa uçuşların olması da səfəri asanlaşdırır. Tbilisinin tarixi mərkəzində müxtəlif dövrlərə aid memarlıq nümunələri, kükürdlü hamamlar və digər görməli yerlər yerləşir. Gürcüstanın turizm administrasiyasının məlumatına görə, ölkə 2025-ci ildə 7,8 milyondan çox beynəlxalq səyyar ziyarət qəbul edib.
Türkiyə də ilk xarici səfər üçün rahat variantlardan sayılır. Xüsusilə İstanbul həm tarixi məkanları, həm ictimai nəqliyyatı, həm də müxtəlif büdcələrə uyğun yerləşmə imkanları ilə turistlər üçün əlverişlidir. Şəhərdə Sultanahmet, Topqapı, Ayasofya və Kapalıçarşı kimi məşhur məkanlar bir-birinə nisbətən yaxın ərazidə yerləşir. İstanbulun turizm ofisləri də ilk dəfə gələnlər üçün xəritə və digər məlumatlar təqdim edir.
İtaliya isə ilk səfərində Avropa atmosferini yaşamaq istəyənlər üçün maraqlı seçimdir. Roma, Florensiya və Venesiya kimi şəhərlər tarix, memarlıq və mədəniyyət baxımından çox zəngindir. Ancaq ilk səfər üçün eyni anda bir neçə ölkəni gəzməkdənsə, bir ölkənin bir və ya iki şəhərinə fokuslanmaq daha rahat ola bilər.
Azərbaycandan xaricə səyahət etmək istəyənlər həmçinin BƏƏ də vizasız səyahət imkanından yararlana bilərlər. Ölkəyə 90 günədək vizasız giriş mümkündür. Qətər üçün isə bu müddət 30 gündür.
Avropaya vizasız getmək istəyənlər üçün Serbiya və Albaniya da maraqlı variantlardır. Serbiyada 90 gün, Albaniyada isə 90 günədək vizasız qalmaq mümkündür. Mərakeş də Azərbaycan vətəndaşlarının vizasız səyahət edə bildiyi ölkələr sırasındadır.
İlk səfər üçün ölkə seçərkən yalnız vizasız rejimə deyil, uçuş qiymətlərinə, qalma xərclərinə, dil məsələsinə və şəhərdaxili nəqliyyata da diqqət etmək lazımdır. Üstəlik, viza tələb olunmaması ölkəyə girişin avtomatik təmin edilməsi demək deyil. Səfərdən əvvəl pasportun etibarlılıq müddəti, sığorta və digər giriş tələblərini yoxlamaq vacibdir. Əslində ilk səfər üçün “ən yaxşı ölkə” hər kəs üçün eyni deyil. Əsas məsələ uzaqlıqdan çox, səfərin sadə planlaşdırılması, nəqliyyat imkanları və görmək istədiyiniz yerlərin bir-birinə yaxın olmasıdır. İlk səyahət uğurlu keçdikdən sonra daha uzaq ölkələrə getmək daha rahat olur.







