Numerologiyada hər bir rəqəmin öz sirri var. Bu sirr insanlar tərəfindən şüuraltı olaraq qəbul edilir. Formalaşan inam insanların rəqəm sevgisinə də təsir edir. Hətta astreologiyada doğum xəritəsin də belə rəqəmlərin sirri önəmli rol oynayır. Bu rəqəmlərdən biri də yeddidir.
Əsrlərdir ki, bu rəqəmin sirri insanların marağına səbəb olur. Məsələn dünyanın yeddi möcüzəsi, həftənin yeddi günü , göy qurşağının yeddi rəngi və s. Bunlar qarşımıza çıxan məhşur nümunələrdir. Həmçinin İslam dinində də yeddi xüsusi məna daşıyır. İslamda Kəbə yeddi dəfə təvaf edilir, Səfa və Mərvə təpələri arasında yeddi dəfə səy edilir. Gördüyümüz kimi rəqəm özünü müxtəlif aspektlərdən göstərərək insanlarda maraq oyadır. Bu baxımdan yeddi rəqəmi tamlıq, kamillik və müqəddəslik rəmzi kimi qəbul olunur. İnsanlar çox vaxt 7-ni ən “uğurlu” və ya “sevimli” rəqəmlərdən biri hesab edirlər. Araşdırmalara görə, bu seçim həm mədəni təsirlər, həm də insan beyninin məlumatı qruplaşdırma xüsusiyyətləri ilə əlaqələndirilir. Tarixçilərin fikrincə, “7” rəqəminin müqəddəsləşdirilməsi ilk dəfə qədim Şumer və Babil mədəniyyətlərində formalaşıb. Şumerlər göydə adi gözlə görünən yeddi səma cismini – Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturnu müşahidə edirdilər. Onlar bu səbəbdən 7-ni kosmik nizamın rəmzi hesab edirdilər. Bir çox nağıl və əfsanələrdə yeddi qardaş, yeddi dağ, yeddi qapı, yeddi başlı əjdaha və yeddi gün-yeddi gecə kimi motivlərə rast gəlinir. Bu da 7 rəqəminin əsrlər boyu insanların təxəyyülündə və folklorunda xüsusi yer tutduğunu göstərir. Beləliklə onun sirri fövqəltəbii gücə malik olmasından deyil, tarix, astronomiya, din, mədəniyyət və psixologiyada təkrar-təkrar qarşımıza çıxmasından qaynaqlanır. Məhz buna görə də 7 rəqəmi bu gün də dünyanın ən simvolik və ən çox müzakirə olunan rəqəmlərindən biri hesab edilir.






