“Atamın qarşısına şərtlər qoyuldu, psixoloji təzyiq göstərildi” – Aslan Məmmədzadədən ŞOK İDDİA – VİDEO
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında uzun illər həkim kimi çalışan Etibar Məmmədovun əmək müqaviləsinin müddətinin bitməsinə hələ 6 ay qalmış xitam verildiyi iddia olunur.
XeberPlus.com xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə məlumat verib. O, atasının işdən çıxarılması zamanı qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirib.
“Atam Etibar Məmmədov uzun müddət həkim-otorinolarinqoloq (LOR) kimi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çalışıb. 40 il bu sahədə fəaliyyət göstərib. İki il əvvəl 65 yaşı tamam olduqda, xəstəxanada kadr çatışmazlığı olduğu üçün baş həkimin xahişi və təklifi ilə müqavilə əsasında fəaliyyətini davam etdirib.
Bu iki il ərzində xəstəxanada rəhbərlik dəyişib və İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyev bu fürsətdən istifadə edərək atamın qarşısına müəyyən şərtlər qoyub. Atam həmin şərtləri qəbul etmədikdə isə ona qarşı vəzifə öhdəliklərindən sui-istifadə edərək manipulyasiya və psixoloji təzyiq göstərib.
Nəticədə müqaviləsinin bitməsinə altı ay qalmış atamı işdən çıxarıb. Qeyri-etik davranaraq bu prosessi tamamlayıb”.
Aslan Məmmədzadə bunun ciddi qanun pozuntusu və uzun illər səhiyyə sistemində çalışan həkimə qarşı hörmətsizlik olduğunu bildirib.
“Gənc bir kadrın uzun illər səhiyyəyə xidmət etmiş həkimə bu cür yanaşması qəbuledilməzdir”, – deyə o qeyd edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, məsələ aidiyyəti üzrə araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək.







