Azərbaycan və Tacikistan arasında tranzit yükdaşımaları bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 17 % artıb.
XeberPlus.com“Report“-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda Tacikistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
“İki dövlət arasında nəqliyyat və yükdaşımalar sahəsində tərəfdaşlıq hər il daha da genişlənir. Nəqliyyat istiqamətindəki əməkdaşlığa paralel olaraq rəqəmsal inkişaf sahəsində də birgə fəaliyyət sürətlə irəliləyir. Hazırda çoxsaylı Azərbaycan şirkətləri Tacikistan bazarında xidmət təqdim edir”, – nazir vurğulayıb.
R. Nəbiyev bildrib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsində 84 %-lik artım müşahidə olunub və bu müsbət dinamika cari il ərzində də öz istiqamətini qoruyub saxlayır.
“Bu ilin 7 ayı ərzində 2025-ci ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəmiz 31 % yüksəlib”, – nazir əlavə edib.
O, eyni zamanda qeyd edib ki, Azərbaycan və Tacikistan arasında mədəni münasibətlər və dostluq əlaqələri uğurla inkişaf etməkdədir.







