Yeni tədris ili xüsusilə birinci sinif şagirdləri üçün həyatlarında yeni mərhələnin başlanğıcıdır. Məktəbə ilk dəfə qədəm qoyan uşaqlar üçün yeni mühit, müəllim və sinif yoldaşları həm maraq, həm də müəyyən narahatlıq yarada bilər. Bu mərhələdə valideyn və müəllimlərin düzgün yanaşması uşağın məktəbə münasibətinin formalaşmasında mühüm rol oynayır.
Bəs birinci sinfə başlayan uşaqları məktəbə psixoloji olaraq necə həvəsləndirmək lazımdır?
Mövzu ilə bağlı psixoloq Mətanət Əliyeva XeberPlus.com-a açıqlamasında bildirib ki, uşağın məktəbə uğurlu adaptasiyası üçün valideynlər məktəbi ona real, müsbət və güvənverici şəkildə təqdim etməlidirlər:

“Yeni tədris ili, xüsusilə birinci sinfə başlayan uşaqlar üçün həm maraqlı, həm də müəyyən qədər narahatlıq yarada bilən yeni bir mərhələdir. Uşaq ilk dəfə daha sistemli qaydalar, yeni sosial mühit, müəllim və sinif yoldaşları ilə qarşılaşır. Buna görə də məktəbə hazırlıq yalnız dəftər, çanta və geyimlə məhdudlaşmamalı, psixoloji hazırlıq da paralel şəkildə aparılmalıdır. İlk növbədə valideyn məktəbi uşağa qorxuducu və həddindən artıq ciddi bir məkan kimi təqdim etməməlidir. “Artıq məktəb başlayır, məsuliyyətli olmalısan”, “müəllim sənə 2 yazar”, “dərslər çətin olacaq, çox oxumalısan” kimi ifadələr uşağın məktəblə bağlı ilkin təsəvvürünü mənfi formalaşdıra bilər. Əksinə, məktəbi yeni dostlar, yeni biliklər və inkişaf imkanları olan bir mühit kimi təqdim etmək daha məqsədəuyğundur. Bununla yanaşı, digər vacib məqam uşaqda həddindən artıq və real olmayan gözləntilər yaratmamaqdır. “Məktəb çox əyləncəli olacaq”, “hər gün oyun oynayacaqsan” kimi ifadələr də sonradan uşağın reallıqla qarşılaşdığı zaman məyusluq yaşamasına səbəb ola bilər. Yəni məktəb nə qorxuducu, nə də idealizə olunmuş şəkildə təqdim edilməlidir; daha real və balanslı yanaşma vacibdir”.
Mütəxəssis qeyd edib ki, uşağın məktəbə uyğunlaşması prosessində valideynin verdiyi kiçik məsuliyyətlərdə əhəmiyyətli rol oynayır:
“Birinci sinfə başlayan uşaqlar üçün ən vacib psixoloji ehtiyaclardan biri təhlükəsizlik hissidir. Valideyn uşağa onun yanında olduğunu, çətinlik yaşasa belə dəstək alacağını hiss etdirməlidir. Eyni zamanda uşağın bütün problemlərini onun yerinə həll etmək də düzgün deyil. Məktəbə adaptasiya prosesində uşağa kiçik məsuliyyətlər vermək, çantasını hazırlamaq, əşyalarını toplamaq, gündəlik rejimə uyğunlaşmaq kimi bacarıqları tədricən müstəqil şəkildə yerinə yetirməsinə imkan yaratmaq vacibdir”.
Ekspert məktəbə yeni qədəm qoyan şagirdlərdə özünəinamı azaldan faktorlardan danışıb:
“Məktəbə başlamazdan əvvəl yuxu və gündəlik rejimin tədricən məktəb saatlarına uyğunlaşdırılması da çox önəmlidir. Uşağın gec yatıb səhər çətin oyanması ilk günlərdə əlavə emosional gərginlik yarada bilər. Buna görə məktəb başlamazdan bir neçə həftə əvvəl rejimin tədricən dəyişdirilməsi adaptasiya prosesini asanlaşdırır. Valideynlər uşağın akademik nəticələrinə həddindən artıq fokuslanmamalıdırlar. Birinci sinifdə əsas məqsəd yalnız oxumağı və yazmağı öyrənmək deyil, həm də məktəbi sevmək, müəllimlə sağlam münasibət qurmaq, dostlaşmaq, qaydalara uyğunlaşmaq və özünü təhlükəsiz hiss etməkdir. Uşağı digər uşaqlarla müqayisə etmək isə onun özünəinamını zəiflədə və məktəbə münasibətinə mənfi təsir göstərə bilər”.
Mətənət Əliyeva məktəbə uyğunlaşmaqda çətinlik çəkən şagirdlərə psixoloji dəstəyin vacib olduğunu vurğulayıb:
“Məktəbin ilk günlərində bəzi uşaqlarda ağlama, valideyndən ayrılmaq istəməmə, qarın ağrısı, iştahsızlıq, yuxu dəyişiklikləri və ya məktəbə getmək istəməmək kimi reaksiyalar müşahidə oluna bilər. Bunlar müəyyən həddə qədər adaptasiya prosesinin bir hissəsi hesab oluna bilər. Ümumilikdə ilkin məktəb adaptasiyası təxminən ilk 4 həftəni əhatə edə bilər. Lakin bu müddətdən sonra da narahatlıq davam edirsə, əlamətlər güclənirsə və uşağın gündəlik funksionallığına təsir göstərirsə, psixoloji dəstək almaq məqsədəuyğundur. Bu mərhələdə məktəb psixoloqunun rolu da çox əhəmiyyətlidir. O, uşağın sinif mühitinə uyğunlaşmasını müşahidə edə, müəllim və valideynlə əməkdaşlıq edərək çətinlikləri erkən mərhələdə müəyyənləşdirə və uyğun dəstək göstərə bilər”.
Həmsöhbətimiz İbtidai təhsilə yeni qədəm qoyan uşaqlara anlayışla dəstək göstərilməsinin vacibliyindən bəhs edib:
“Birinci sinfə hazırlıq zamanı valideynin uşağa verə biləcəyi ən vacib mesaj budur: “Səndən hər şeyi mükəmməl etməyini gözləmirəm, öyrənməyin və cəhd etməyin kifayətdir.” Uşaq məktəbə qorxu və həddindən artıq yüksək gözləntilərlə deyil, maraq, güvən və öyrənmək həvəsi ilə başladıqda adaptasiya prosessi daha sağlam və rahat keçir”.







