Yunanıstanda 55 yaşlı kişi, vəfat edən atasının pensiyasını almağa davam etmək məqsədilə onun cəsədini təxminən iki il yarım dondurucuda saxlaması iddiası ilə saxlanılıb.
Hadisə Mora yarımadasında, Sparta şəhəri yaxınlığındakı Mistra kəndində baş verib. Uzun müddət 90 yaşlı təqaüdçü müəllimdən xəbər alınmaması ilə bağlı məlumat daxil olduqdan sonra polis araşdırmaya başlayıb.
Cəsəd istifadəsiz oteldə tapılıb
Araşdırma zamanı ailəyə məxsus, hazırda istifadə edilməyən otelin zirzəmisində yerləşən dondurucuda yaşlı kişinin cəsədi aşkarlanıb.
Saxlanılan şəxs atasının təxminən iki il yarım əvvəl təbii səbəblərdən vəfat etdiyini, pensiya ödənişlərinin dayandırılmaması üçün ölüm faktını gizlətdiyini bildirib. Ətraf sakinləri isə təqaüdçü müəllimi ən azı dörd ildir görmədiklərini deyiblər.
Şübhəli barəsində araşdırma başladılıb
Polis ilkin araşdırmaya əsasən hadisədə qətl şübhəsinin olmadığını açıqlayıb. Ölümün dəqiq səbəbi ekspertiza və yarılmanın nəticələrindən sonra müəyyənləşəcək.
55 yaşlı şübhəli barəsində dələduzluq və yanlış məlumat vermə ittihamları üzrə hüquqi prosedur başladılıb. Bundan əlavə, evində pnevmatik silah aşkarlandığı üçün silah qanunvericiliyinin pozulması faktı da araşdırılır.
Mənbə: Haberler.com





