XeberPlus

Ən son xəbərlər

Təhsil

Məleykə Abbaszadədən Abituriyentlərə məsləhət

İxtisas seçimi abituriyentin gələcək təhsil və karyera yolunu müəyyənləşdirən ən vacib mərhələlərdən biridir. Bu prosesdə verilən hər qərar diqqətlə düşünülməli, seçim isə etibarlı məlumatlara əsaslanmalıdır. Seçimlərin davam etməsilə əlaqədar DİM Sədri Məleykə Abbaszadə Abituriyentlərə məsləhət verib:

XeberPlus.com xəbər verir ki, seçimin vacibliyini vurğulayan Sədr abituriyentlərlə müşahidələrini bölüşüb:

“Hazırda ixtisas seçimi mərhələsindəyik və hələ də seçim etməyən abituriyentlərlə bu proseslə bağlı neçə müşahidəmi bölüşmək istəyirəm. İlk tövsiyəm budur: ixtisas seçimi ilə bağlı ödənişli xidmət almağa tələsməyin. Dövlət İmtahan Mərkəzinin Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyentlərə ödənişsiz dəstək göstərilir. Xidmətin ödənişsiz olması onun yalnız ümumi məlumat verməsi demək deyil. Əksinə, məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasında olan göstəricilər əsasında verilir. Bu mərkəzlərdə çalışan əməkdaşlar ixtisas seçimi prosesini və qəbul mexanizmlərini yaxşı bilən, müvafiq məlumatlarla işləyən peşəkarlardır. Elə buna görə də tövsiyəm budur ki, ilk növbədə rəsmi məsləhət xidmətindən yararlanın, yalnız bundan sonra əlavə dəstəyə ehtiyacınız olub-olmadığına qərar verin. ”

O bildirib ki, düzgün ixtisas seçiminin ilk addımı imkanlarınızı, istəklərinizi və alternativlərinizi dəqiq müəyyənləşdirməkdən keçir:

“ İxtisas seçiminə başlamazdan əvvəl isə özünüzə bu 5 sualı verin: ”mən əslində nə istəyirəm?”, ”nəticəm mənə hansı seçimləri etməyə imkan verir?”, ”bu ilin statistik göstəriciləri hansı ehtimalları göstərir?”, ”seçimimin hansı məsuliyyətini öz üzərimə götürməyə hazıram?”, ”əsas seçimim baş tutmasa, alternativim nədir?” və s. Sizə ixtisas seçimi ilə bağlı məsləhət verən şəxs də bu sualların cavabını sizinlə birlikdə axtarmalıdır. Çünki ixtisas seçimi sadəcə “hara qəbul ola bilərəm?” sualından ibarət deyil. Burada abituriyentin istəyi, nəticəsi, real imkanları və alternativləri birlikdə nəzərə alınmalıdır.”

DİM rəhbəri əssasız təkliflərə və iddialara inanmamağı da bildirib:

“Bir vacib məqama da xüsusi diqqət çəkmək istəyirəm. Heç kim sizə müəyyən ixtisasa qəbul olunacağınıza zəmanət verə bilməz. Kimsə sizə “keçid balları ilə bağlı məndə xüsusi məlumat var”, “nəticəni əvvəlcədən bilirəm” və ya buna bənzər vədlər verirsə, buna inanmayın. Qəbul prosesi ilə bağlı mövcud rəsmi məlumatlar açıqdır və hamı üçün əlçatandır. Heç kimin əlində digərlərinin çıxışı olmayan “gizli keçid balı” və ya qəbul nəticəsini əvvəlcədən müəyyən edən məlumat yoxdur. Abituriyent Məsləhət Mərkəzlərinə təkcə ilk gün ərzində 5 mindən çox müraciətin daxil olması da bu xidmətə olan ehtiyacı göstərir. İxtisas seçimi həyatınızın vacib qərarlarından biridir. Bu qərarı qorxu, tələskənlik və ya zəmanət vədləri ilə deyil, rəsmi məlumat, düzgün təhlil və öz istəyinizi nəzərə alaraq verin. Əvvəlcə etibarlı və rəsmi mənbədən yararlanın. Ehtiyac qalarsa, bundan sonra digər seçimləri dəyərləndirə bilərsiniz. ”

Qeyd edək ki, ixtisas seçimi 19 Avqust tarixinədək davam edəcək.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *