Braziliyada 115 milyon il əvvəl yaşamış dinozavrın fosilində qan hüceyrələrinə bənzər strukturlar və qanın kimyəvi tərkibinə aid izlər aşkarlanıb.
XeberPlus.com xəbər verir ki, araşdırmanın nəticələri ABŞ-ın “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc olunub.
Tədqiqat zamanı 2008-ci ildə Braziliyada tapılan “Aratasaurus museunacionali” növünə aid dinozavrın sümükləri araşdırılıb. Təxminən 115 milyon il əvvəl yaşamış bu dinozavrın uzunluğunun üç metrdən çox olduğu bildirilib.
Alimlər sümük nümunələrini mikroskop altında araşdırarkən qırmızı qan hüceyrələrinə bənzər minerallaşmış strukturlar müəyyən ediblər. Kimyəvi analizlər nəticəsində həmin strukturlarda hemoqlobinin tərkibinə daxil olan və oksigenin daşınmasında mühüm rol oynayan hem molekulunun izləri də aşkarlanıb.
Araşdırmaçılar hesab edirlər ki, fosildə müəyyən edilən manqan oksidi mineralları bu bioloji izlərin milyonlarla il qorunmasına kömək etmiş ola bilər. Sümüklərdə kollagenlə əlaqəli amin turşularının izlərinə də rast gəlinib.
Mütəxəssislərin fikrincə, kəşf dinozavrların qan dövranı, maddələr mübadiləsi və fizioloji xüsusiyyətləri barədə yeni araşdırmalara yol aça bilər.
Bununla belə, bəzi alimlər aşkar edilən strukturların həqiqətən qırmızı qan hüceyrələri olduğuna dair əlavə sübutların lazım olduğunu bildiriblər.









