“OpenAI” şirkətinin baş direktoru Sem Altman fərdi kompüterlərdə böyük həcmdə operativ yaddaşın (RAM) saxlanılmasını resurslardan səmərəsiz istifadə kimi qiymətləndirib.
XeberPlus.com xəbər verir ki, Altman bu barədə “Cheeky Pint” adlı podkastda danışıb. Onun sözlərinə görə, süni intellekt modellərinin fərdi kompüterlərdə işlədilməsi qlobal yaddaş ehtiyatlarından istifadə baxımından müəyyən problemlər yaradır.
Altman bildirib ki, bəzi istifadəçilər kompüterlərində böyük həcmdə operativ yaddaş saxlasalar da, həmin resurslardan gün ərzində çox az istifadə edirlər. O, bu göstəricinin bəzi hallarda cəmi 5 faiz olduğunu qeyd edib.
“OpenAI” rəhbərinin fikrincə, operativ yaddaşın məlumat mərkəzlərində cəmləşdirilməsi eyni avadanlığın daha çox istifadəçiyə xidmət göstərməsinə imkan yarada bilər. Bu yanaşma süni intellekt sistemlərinin bulud texnologiyaları üzərindən işlədilməsinə əsaslanır.
Açıqlama dünyada operativ yaddaşa tələbatın artdığı bir dövrə təsadüf edir. Süni intellekt infrastrukturlarının genişləndirilməsi və böyük məlumat mərkəzlərinə yatırılan sərmayələr yaddaş çiplərinə tələbatı artırır.
Bununla belə, Altmanın fikirləri müzakirələrə səbəb olub. İstifadəçilər hesab edirlər ki, süni intellektin daha çox bulud xidmətlərindən asılı olması onların öz avadanlıqları üzərində nəzarətini məhdudlaşdıra və gələcəkdə əlavə abunə xərcləri yarada bilər.
Hazırda bir çox texnologiya şirkəti proqram və xidmətlərini birdəfəlik satış əvəzinə aylıq və ya illik abunə əsasında təqdim edir. Bu sistemdə istifadəçilər məhsulun daimi sahibi olmaq əvəzinə, ondan müəyyən müddət ərzində istifadə hüququ əldə edirlər.








