Avtomobillərdə uzun illərdir istifadə olunan mühərrik yağının səviyyəsini yoxlama çubuğu yeni nəsil modellərdə tədricən aradan qaldırılır. İstehsalçılar ənənəvi mexaniki üsulun əvəzinə elektron sensorlarla işləyən sistemlərə üstünlük verməyə başlayıblar.
XeberPlus.com xəbər verir ki, yeni texnologiya sayəsində sürücülər avtomobilin kapotunu açmadan mühərrik yağının səviyyəsini birbaşa ekrandan yoxlaya bilirlər.
İndiyədək sürücülər yağın miqdarını müəyyən etmək üçün mühərrikdə yerləşən xüsusi metal çubuqdan istifadə edirdilər. Çubuğun üzərindəki minimum və maksimum işarələri yağın kifayət qədər olub-olmadığını göstərirdi.
Lakin avtomobil sənayesində rəqəmsal texnologiyaların inkişafı bu üsulun da dəyişməsinə səbəb olur. Yeni sistemdə mühərrikin yağ çəninə yerləşdirilən elektron sensorlar yağ səviyyəsini ölçərək məlumatları avtomobilin idarəetmə sisteminə ötürür.
Əldə olunan məlumatlar daha sonra avtomobilin multimedia və ya məlumat ekranında göstərilir. Beləliklə, sürücülər mühərrik yağının səviyyəsinə daha rahat nəzarət edə bilirlər.
Məlumata görə, elektron yağ səviyyəsinin ölçmə sistemləri Avropanın bəzi lüks avtomobil modellərində artıq 10 ildən çoxdur istifadə olunur.
Yeni texnologiyanın geniş yayılması ilə ənənəvi yağ çubuqlarının gələcək avtomobil modellərində daha az istifadə ediləcəyi gözlənilir.








