Rusiya ordusunun Ukraynanın Dnipro, Çerniqov və Kremençuq şəhərlərinə həyata keçirdiyi hücumlar nəticəsində 19 nəfər həyatını itirib, 56 nəfər yaralanıb. Ölənlər və yaralananlar arasında uşaqlar da var.
XeberPlus.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat yayıb.
Zelenskinin sözlərinə görə, ən ağır hadisə Dnipro şəhərindəki dəmir yolu stansiyasında qeydə alınıb. Pilotsuz uçuş aparatı şəhərətrafı və sərnişin qatarlarının dayandığı platformaya zərbə endirib.
Hücum nəticəsində əvvəlcə 13 nəfərin öldüyü bildirilsə də, daha sonra ölənlərin sayı 14-ə yüksəlib. Hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb olunub.
Çerniqov şəhərində yaşayış ərazisinə endirilən zərbə nəticəsində 15 yaşlı iki qız həyatını itirib. Kremençuq şəhərində isə pilotsuz uçuş aparatının yaşayış binasına düşməsi nəticəsində üç nəfər ölüb.
Ukrayna Prezidentinin açıqlamasına əsasən, üç şəhərdə baş verən hücumlar zamanı ümumilikdə 56 nəfər yaralanıb. Yaralılardan 10-nun uşaq olduğu bildirilib.
Zelenski həlak olanların ailələrinə başsağlığı verib. Hücumların nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib.








