XeberPlus

Ən son xəbərlər

Sosial

Saxta vakansiyaları necə tanıyaq? – Ekspertdən işaxtaranlara VACİB TÖVSİYƏLƏR

İş axtarışı zamanı vakansiya saytları namizədlər üçün geniş imkanlar yaratsa da, bütün elanların etibarlı olduğunu düşünmək doğru deyil. Bəzən cəlbedici maaş, yüksək vəzifə vəd edən və peşəkar şəkildə hazırlanmış elanların arxasında heç bir real iş imkanı olmaya bilər. Bu səbəbdən vakansiyaya müraciət etməzdən əvvəl elanın və işəgötürənin etibarlılığını yoxlamaq vacibdir. 

Bəs onlayn platformalarda qarşılaşdığımız vakansiyaların real və ya saxta olub-olmadığını hansı detallardan müəyyən edə bilərik?

Mövzu ilə bağlı insan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva XeberPlus.com-a açıqlama verib. O bildirib ki, namizəd müraciət etdiyi şirkətin sosial media hesablarını yoxlamaldır:

“Saytlarda yerləşdirilən vakansiyalara müraciət edərkən namizədlər ilk növbədə həmin elanın və şirkətin etibarlılığını yoxlamalıdırlar. Əvvəlcə, vakansiyanı yerləşdirən şirkətin rəsmi saytını, sosial media hesablarını və LinkedIn səhifəsini araşdırmaq, şirkətin real fəaliyyət göstərib-göstərmədiyini müəyyən etmək vacibdir”.

Mütəxəssis qeyd edib ki, həqiqi vakansiyalarda məlumatlar aşkar formada elan edilməlidir:

“Vakansiyanın təsvirində şirkətin adı, vəzifənin öhdəlikləri, iş yeri, əməkhaqqı və əlaqə məlumatları aydın şəkildə göstərilməlidir”.

Ekspert etibarlı şirkətlərlə əməkdaşlığın önəmini vurğulayaraq, bir sıra tövsiyələr də verib:

“Ən əsası isə iş axtaran şəxslərə peşəkar HR, Recruitment və Headhunting şirkətləri ilə əməkdaşlıq etməyi tövsiyə edirəm. Təcrübəli işə qəbul şirkətləri vakansiyanın real şirkətdən olub-olmadığını, işəgötürənin tələblərini və namizədə təqdim olunan şərtləri daha sistemli şəkildə yoxlaya, düzgün və etibarlı karyera imkanlarına yönləndirə bilər. Bu səbəbdən iş axtararkən yalnız vakansiya saytlarına güvənməkdənsə, təhlükəsiz şirkətlərlə tərəfdaşlıq etmək həm təhlükəsiz, həm də karyera baxımından daha effektiv seçimdir. Vakansiyalar yalnız iş imkanı deyil, etibarlı işəgötürən, şəffaf seçim prosesi və səriştəli birlik deməkdir”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *