Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə jurnalistlərə hücum hadisəsində iştirak etdiyi bildirilən gənclərdən birinin boksçu olduğu məlum olub.
XeberPlus.com “Trend”ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasının tədbirlərinə qatıldığı, həmçinin uşaq futbol klublarından birində oynadığı bildirilir.
Məlumata görə, hadisədən bir neçə saat sonra gənc sosial şəbəkədə insidentlə bağlı paylaşıma münasibət bildirib. O, görüntüləri şərh edən istifadəçilərə “Instagram” hesabından “heç kim bilib-bilmədən fikir bildirməsin” yazıb.
Xatırladaq ki, hadisə oktyabrın 28-də Yasamal rayonundakı 225 nömrəli məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gələn televiziya əməkdaşları ilə bir qrup şəxs arasında qarşıdurma yaranıb.
İnsident zamanı “Real TV”nin operatoru və stajoru döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmçinin “Space” telekanalının əməkdaşının da döyüldüyü bildirilir.
Hadisə ilə bağlı polis tərəfindən saxlanılan şəxslərin olduğu qeyd edilir.
Faktla bağlı araşdırma davam etdirilir.








