Azərbaycan seysmik baxımdan həssas ərazilərdən biri hesab olunur. Xüsusilə Bakıda əhalinin sıxlığı, çoxmərtəbəli binaların sayı və tikililərin texniki vəziyyəti mümkün güclü zəlzələ zamanı yarana biləcək riskləri gündəmə gətirir. Belə bir hadisənin fəsadlarının hansı amillərdən asılı olduğu və mövcud binaların zəlzələyə nə dərəcədə davamlılığının necə qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bəs Bakıda güclü zəlzələ zamanı əsas risklər nələrdir və buradakı binaların davamlılığı necə qiymətləndirilir?
Mövzu ilə bağlı ekoloq Cəmşid Bəxtiyar XeberPlus.com-a açıqlamasında bildirib ki, zəlzələnin nə dərəcədə dağıntıya səbəb olacağı təkcə onun gücündən deyil, binaların möhkəmliyindən və ərazinin torpaq quruluşundan da asılıdır:

“Azərbaycanda güclü zəlzələnin nəticələrini qiymətləndirərkən əsas məsələni fərqləndirmək lazımdır. Birincisi, zəlzələnin hansı ərazilərdə və nə dərəcədə güclü hiss olunacağı, ikincisi isə həmin ərazidəki binaların və infrastrukturun bu təsirə nə dərəcədə davam gətirə biləcəyidir. Ümumiyyətlə, bu, universal bir baxışdır və Bakıya da eyni zamanda şamil etmək olar. Əsas təhlükə zəlzələ zamanı binaların real texniki vəziyyəti, qruntun xüsusiyyətləri və şəhər infrastrukturunun hazırlıq səviyyəsidir. Eyni gücdə yeraltı təkanlar müxtəlif ərazilərdə, ayrı-ayrı konstruksiyalı binalarda fərqli nəticələr yarada bilər. Bakı qaya tərkibli bir layın üzərində yerləşir və bu layın üzərində dalğalanmalar, zəlzələ nə qədər güclü olursa-olsun, baş vermir. Qaya dalğalanmır, torpağı dalğalandırmır”.
Mütəxəsissi vurğulayıb ki, köhnə binalarda aparılan özbaşına dəyişikliklər və tikinti zamanı yol verilən nöqsanlar zəlzələ zamanı dağıntı riskini artırır:
“Zəlzələdə ən çox köhnə və konstruktiv cəhətdən zəif binaların zədələnməsi mümkündür. Əsas risklərdən biri layihələndirmə və tikinti dövrünün tələblərinə uyğun olmayan, yaxud sonradan konstruksiyası zəiflədilmiş binalardır. Bəzən binalarda mütəxəssislərlə məsləhətləşmədən dayaq konstruksiyalarında özbaşına dəyişikliklər edilir. Bu zaman onların zəlzələyə davamlılığı xeyli zəifləmiş olur”.
Ekoloq zəlzələ halının qarşısını almaq üçün nələrə diqqət yetirilməli olduğunu qeyd edib:
“Daşıyıcı divarların, sütunların və tirlərin birləşmələrinin vəziyyəti yoxlanılmalıdır. Betonun keyfiyyətinin aşağı olması və armaturun korroziyaya uğraması halları aşkar edilərsə, araşdırma zamanı bu problemlər aradan qaldırılmalı və ya zərurət yarandıqda bina sakinləri köçürülməlidir. Riskli elan edilən binalarda yaşayış qadağan edilməlidir. Binalarda əvvəlki zəlzələlər, çökmələr və qeyri-peşəkar təmir işləri nəticəsində zədələr yarana bilər. Xüsusilə zəif binalarda zəlzələ zamanı deformasiyalar müəyyən mərtəbələrdə cəmləşə bilər. Bu zaman həmin mərtəbələr binanın ən zəif nöqtəsinə çevrilir və buna görə də onların vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Belə hallar binanın qismən və ya tam çökməsi riskini artırır.
Bakıda binaların təhlükəsizliyini qiymətləndirərkən yalnız tikilinin özünün vəziyyətini araşdırmaq kifayət deyil. Binanın yerləşdiyi ərazinin geoloji və hidrogeoloji xüsusiyyətləri də öyrənilməlidir. Yumşaq və boş qruntlar seysmik dalğaların təsirini gücləndirə bilər. Su ilə doymuş qruntlarda isə müəyyən şəraitdə qruntun mayeləşməsi baş verə bilər. Bu zaman qruntun daşıma qabiliyyəti azalır və binalarda qeyri-bərabər çökmə, eləcə də bünövrələrin yerdəyişməsi riski yaranır”.
Ekspertin sözlərinə görə, yamaclarda yerləşən binalarda zəlzələ zamanı sürüşmə və uçqun riski daha yüksəkdir.
“Yamaclarda və sürüşməyə meyilli ərazilərdə yerləşən binalarda zəlzələ zamanı torpaq sürüşməsi və uçqun riski arta bilər. Buna görə də belə ərazilərdə yerləşən tikililər seysmik təhlükəsizlik baxımından xüsusi diqqətlə qiymətləndirilməlidir. Bu risklər Bakının bütün ərazilərində eyni səviyyədə deyil”.
Cəmşid Bəxtiyarın fikirincə, güclü zəlzələ təkcə binaların dağılmasına deyil, həm də şəhərdə hərəkətin məhdudlaşmasına və vacib xidmətlərin fəaliyyətinin dayanmasına səbəb ola bilər:
“Bakının sıx məskunlaşmış ərazilərində bir binanın zədələnməsi qonşu binalar üçün də təhlükə yarada bilər. Buna görə də binanın çökməsi halında ətrafdakı tikililərə hansı zərərin dəyə biləcəyi əvvəlcədən müəyyənləşdirilməlidir. Küçələrdə yaranan maneələr də ciddi çətinliklərə səbəb ola bilər. Avtomobillərlə tutulmuş yollar və çıxışların məhdudluğu xilasedicilərin işini çətinləşdirə bilər.
Güclü zəlzələnin nəticələri yalnız binaların zədələnməsi ilə məhdudlaşmır. Qaz xətlərinin zədələnməsi yanğınlara, elektrik, su, kanalizasiya və rabitə sistemlərinin sıradan çıxması isə əlavə problemlərə səbəb ola bilər. Körpülərin, yolların və digər mühüm infrastruktur obyektlərinin zədələnməsi, həmçinin xəstəxanaların və təcili yardım xidmətlərinin fəaliyyətinin pozulması da ciddi risklər yaradır”.
Həmsöhbətimiz, bakıda zəlzələ risklərini azaltmaq üçün binaların təhlükəsizlik vəziyyəti yoxlanılmalı və təhlükəli tikililərlə bağlı vaxtında qərarlar qəbul edilməli olduğunu söyləyib:
“Mövcud binaların zəlzələyə davamlılığı müxtəlif meyarlar əsasında qiymətləndirilməlidir. Bunun üçün yalnız binanın yaşını, mərtəbələrinin sayını və ya xarici görünüşünü əsas götürmək olmaz. Qiymətləndirmə mühəndis araşdırmalarına, konstruktiv hesablamalara və ərazinin yerli seysmik xüsusiyyətlərinə əsaslanmalıdır.
Binaların layihə sənədləri və tikinti normalarına uyğunluğu yoxlanılmalı, onların nə vaxt inşa edildiyi müəyyənləşdirilməlidir. Bu məqsədlə müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət komissiya yaradılmalı və araşdırmalar şəffaf şəkildə aparılmalıdır. Qruntla bağlı məlumatlar toplanmalı, binaların zəlzələyə davamlılığı və dayanıqlığı ətraflı qiymətləndirilməlidir. Bunun üçün müvafiq hesablamalar aparılmalı, risklər müəyyənləşdirilməli və zəruri hallarda qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıqlar edilməlidir. Bu prosesdə mühəndislərin və torpaqşünasların iştirakı mütləqdir”.








