XeberPlus

Ən son xəbərlər

Dünya

Tuna çayında rekord quraqlıq: enerji istehsalı kəskin azalıb

Avropada davam edən güclü istilər və uzunmüddətli quraqlıq Tuna çayının su səviyyəsini tarixi minimumlara endirib. Yaranmış vəziyyət Macarıstan, Rumıniya və Serbiyada enerji istehsalına ciddi təsir göstərib.

Macarıstanın elektrik enerjisinə olan tələbatının böyük hissəsini təmin edən Paks Atom Elektrik Stansiyası soyutma üçün Tuna çayının suyundan istifadə edir. Su səviyyəsinin kəskin azalması nəticəsində stansiyanın istehsal gücü 10 faizdən bir qədər yuxarı səviyyəyə endirilib.

Macarıstan hökuməti əhali və şirkətlərə, xüsusilə saat 17:00–22:00 arasında elektrik istehlakını azaltmaq çağırışı edib. Görülən tədbirlər nəticəsində gündəlik istehlakın 600–700 meqavat azaldıldığı bildirilir.

Rumıniyada da Tuna çayının aşağı səviyyəsi Çernavoda Atom Elektrik Stansiyasının reaktorlarından birinin fəaliyyətinin dayandırılmasına səbəb olub. Ölkədə elektrik istehsalının azalması ilə əlaqədar avqust ayı üçün fövqəladə vəziyyət elan edilib.

Serbiyanın ən böyük su elektrik stansiyası olan “Djerdap 1” isə gündə təxminən 5 min meqavat-saat elektrik enerjisi istehsal edir. Bu göstərici stansiyanın orta gündəlik istehsalının yalnız üçdəbirinə bərabərdir. May və iyun aylarında burada 1970-ci ildən bəri həmin aylar üzrə ən aşağı istehsal qeydə alınıb.

Tuna çayında suyun azalması enerji istehsalı ilə yanaşı, yanacaq və yük daşımalarını da çətinləşdirib. Mütəxəssislər davamlı istilər və quraqlığın Avropanın enerji təhlükəsizliyi üçün artan risk yaratdığını bildirirlər.

Mənbə: Reuters

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *