Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq
Avqustun 8-də Mingəçevirdə, Kür çayının sahilində “Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək.
Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Son illər Azərbaycanda açıq suda üzmə üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilən “Kürü keçək?!” sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği və inkişaf etdirilməsi məqsədilə təşkil olunur.
Mingəçevirdə artıq beşinci dəfə keçiriləcək yarışa maraq bu il rekord həddə çatıb. Belə ki, 2026-cı il üçün yarışa 616 nəfər qeydiyyatdan keçib. İştirakçılar arasında ən gənci 12, ən yaşlısı isə 79 yaşındadır.
Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə keçiriləcək. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparacaq.
Yarış kişi və qadınlar arasında 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 71 yaşdan yuxarı olmaqla altı yaş kateqoriyası üzrə təşkil olunacaq.
Qeyd edək ki, hər yaş kateqoriyasında ilk üç yeri tutan kişi və qadın iştirakçılar mükafatlandırılacaqlar.//oxu.az



