Alovlardan sonra tarixi tapıntı: Fransada yüzlərlə sursat aşkarlandı
Fransanın Jirond departamentində baş verən genişmiqyaslı meşə yanğınlarından sonra İkinci Dünya müharibəsinə aid olduğu ehtimal edilən çoxlu sayda döyüş sursatı tapılıb.
Yerli medianın məlumatına görə, Le Porge kəndində yanğından sonrakı soyutma işləri aparılarkən ərazidə təxminən 100 minaatan mərmisi və çoxlu sayda digər sursat aşkar edilib.
Mütəxəssislərin ilkin qiymətləndirməsinə əsasən, sursatlar İkinci Dünya müharibəsi dövründə bölgədə olan Fransa və ya Almaniya hərbçilərinə məxsus ola bilər.
Rəsmi sənədlərdə həmin dövrdə kənd ərazisində silah anbarının mövcudluğu barədə məlumat yoxdur. Bu səbəbdən sursatların müharibə zamanı bölgədə qoyulduğu ehtimal edilir.
Yanğın davam edərkən kənddə eşidilən güclü partlayışların əvvəlcə qaz balonlarından qaynaqlandığı düşünülürdü. Lakin son tapıntılar partlayışların köhnə sursatlarla əlaqəli ola biləcəyini göstərib.
Aşkarlanan mərmilərin təhlükəsiz şəraitdə zərərsizləşdirilməsi üçün ərazi nəzarətə götürülüb. Mütəxəssislərin yoxlama və təhlükəsizlik tədbirləri davam edir.
Jirond departamentindəki meşə yanğını 10 gündən artıq davam edib və təxminən 42 min hektar əraziyə ziyan vurub. Fransa son illərin ən ağır yanğın mövsümlərindən biri ilə üzləşib.
Mənbə: Hürriyet





