XeberPlus

Ən son xəbərlər

Dünya

85-dən çox ölkəyə vizasız giriş imkanı: “Qızıl pasport” üçün şərtlər açıqlandı

Sakit okeanda yerləşən kiçik ada dövləti Nauru investisiya qarşılığında vətəndaşlıq verən “qızıl pasport” proqramının şərtlərini açıqlayıb. Proqram çərçivəsində əcnəbilər müəyyən məbləğ ödəməklə Nauru vətəndaşlığı və ölkənin pasportunu əldə edə bilərlər.

Xeberplus.com Milliyyet.com.tr-a istinadla xəbər verir ki, hazırda qüvvədə olan xüsusi kampaniya çərçivəsində əsas müraciətçi dövlət fonduna 90 min dollar məbləğində geri qaytarılmayan ödəniş etməlidir. Normalda daha yüksək olan bu məbləğə 25 min dollarlıq endirim tətbiq edilir. Kampaniya 31 dekabr 2026-cı ilədək təqdim edilən müraciətlərə şamil olunur.

Əsas ödənişdən əlavə, müraciətçi üçün 5 min dollar ərizə haqqı, 6 min dollar təhlükəsizlik və maliyyə araşdırması haqqı, ən azı 1200 dollar bank əməliyyatı xərci və hər pasport üçün 500 dollar ödəniş nəzərdə tutulur. Ailə üzvlərinin müraciətə əlavə edilməsi zamanı da yaş və qohumluq dərəcəsinə uyğun əlavə ödənişlər tələb olunur. Ölkəyə getmək və orada yaşamaq məcburi deyil.

Proqramın diqqətçəkən tərəflərindən biri Nauruda daimi yaşamaq və ya ölkəyə səfər etmək tələbinin olmamasıdır. Müraciətlər yalnız rəsmi lisenziyaya malik nümayəndələr vasitəsilə təqdim edilir. Sənədlərin yoxlanılması və vətəndaşlığın təsdiqlənməsi prosesi adətən üç-dörd ay davam edir.

Müraciətçinin yaşı ən azı 18 olmalı, məhkumluğu olmamalı və istifadə etdiyi vəsaitin qanuni mənbədən əldə edildiyini sübut etməlidir. Namizədlər bir neçə mərhələdən ibarət təhlükəsizlik və maliyyə yoxlamasından keçirilirlər. Son qərarı isə Nauru hökuməti verir.

Proqrama müraciətçinin həyat yoldaşı, övladları, valideynləri və müəyyən şərtlərlə bacı-qardaşları da daxil edilə bilər. Nauru ikili vətəndaşlığa icazə verdiyi üçün yeni pasport alan şəxsdən əvvəlki vətəndaşlığından imtina etməsi tələb olunmur.

“Qızıl pasport”u əldə edən şəxslər Sinqapur və Honqkonq da daxil olmaqla 85-dən çox ölkə və əraziyə vizasız və ya sərhəddə viza almaqla səfər edə bilirlər. Lakin vətəndaşlıq əldə etmək Nauruda torpaq almaq hüququ vermir. Ölkədə torpaq mülkiyyəti ilə bağlı xüsusi məhdudiyyətlər qüvvədədir.Əldə olunan vəsait iqlim layihələrinə yönəldiləcək.

Nauru hökumətinin bildirdiyinə görə, proqramdan əldə edilən gəlirlər iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizəyə, infrastrukturun yenilənməsinə və əhalinin daha təhlükəsiz, yüksək ərazilərə köçürülməsinə sərf olunacaq.

Cəmi 21 kvadratkilometr əraziyə malik olan ada dövləti dəniz səviyyəsinin yüksəlməsi və sahilyanı daşqınlarla üzləşir. Hökumət əhalinin və əsas infrastrukturun təxminən 90 faizini daha yüksək ərazilərə köçürməyi planlaşdırır. Layihənin yalnız birinci mərhələsinin 60 milyon dollardan çox vəsait tələb edəcəyi bildirilir.

Bununla yanaşı, investisiya qarşılığında vətəndaşlıq proqramları təhlükəsizlik və pasportlardan sui-istifadə ehtimalı ilə bağlı müzakirələrə səbəb olur. Nauru rəsmiləri isə müraciətçilərin ciddi yoxlamadan keçirildiyini və ağır cinayət törədən şəxslərin vətəndaşlığının ləğv edilə biləcəyini bildirirlər.

Qeyd edək ki, ölkələrə giriş və viza qaydaları zamanla dəyişə bildiyi üçün səfərdən əvvəl rəsmi mənbələrdən son məlumatların yoxlanılması tövsiyə olunur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *